Pişiklər və itlər təbiətdə tamam fərqli növlər olsa da, son illər bu iki heyvan arasında nəzərəçarpacaq oxşarlıqlar meydana çıxıb. Alimlərin apardığı yeni araşdırmalar göstərir ki, bəzi pişik və it cinsləri kəllə quruluşuna görə bir-birindən ayırd edilə bilməyəcək qədər yaxınlaşıb. Bu dəyişikliyin başlıca səbəbi isə insanların apardığı süni seleksiya prosesidir.

Amerikalı bioloq Ebbi Qreys Dreyk və onun tədqiqat qrupu 1810 kəllə nümunəsini skan edərək təhlil aparıb. Nəticələr göstərib ki, bəzi pişik (xüsusilə İran pişiyi) və it (pug cinsi) növlərində kəllə sümüyünün forması demək olar ki, eynidir. Bu təbiətdə nadir rast gəlinən bir haldır. Normalda təkamül “divergent” adlanan prosesi izləyir və növlər zamanla bir-birindən uzaqlaşır. Lakin burada əksinə olaraq “konvergent”, yəni yaxınlaşma prosesi müşahidə olunub.
Alimlər bildirirlər ki, bu dəyişikliklər təsadüfi deyil. İnsanlar basıq sifətli, yumşaq, “uşaqsifətli” heyvanlara qarşı xüsusi simpatiya göstərirlər. Bu vizual xüsusiyyətlər insanlarda onları qoruma və qayğı göstərmə instinktini gücləndirir. Alimlər bu effekti “sosial stimulyator” adlandırırlar. Məhz buna görə də son illərdə bu tip pişik və it cinsləri daha populyarlaşır.
Lakin bu sevimli görünüş heyvanların sağlamlığı bahasına başa gəlir. Basıq sifətli heyvanlarda tənəffüs yolları dar olur, doğuş zamanı problemlər yaranır və bəzən nevroloji pozuntular müşahidə edilir. Bu tip heyvanların bəzi hallarda ömürləri də qısalır.
2024-cü ildə Böyük Britaniyada yayımlanan hesabatda qeyd olunub ki, bu cür ifrat fiziki xüsusiyyətlərə malik heyvanların yetişdirilməsi onların rifahı üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bu səbəbdən belə cinslərin yetişdirilməsinə məhdudiyyətlərin tətbiq olunmasının vacibliyini vurğulayırlar.
Alimlərin gəldiyi nəticə aydındır: İnsanların estetik zövqü naminə aparılan seçici yetişdirmə milyonlarla illik təkamül prosesinə müdaxilə edir. Bu isə təbiətə və heyvanların sağlamlığına ciddi təsir göstərir. Ona görə də insanlar belə seçimlərin arxasında hansı risklərin dayandığını anlamalı və məsuliyyətlə davranmalıdır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
