Bu gün:

Müəllim nə zaman yaxşı müəllimdir?


Hər bir peşə xüsusidir, lakin müəllimlik daha çox xüsusi xidmət sahəsidir. Çünki valideynlər müəllimlərə ən qiymətli sərvətlərini, yəni övladlarını etibar edirlər. Müəllimlər ölkəmizin gələcəyinin memarı, örnəkləridir, ən əsası da, "ora uzaq, bura pisdir" demədən ölkənin hər yerində ən çətin şəraitdə çalışırlar. Bu gün təhsilimizdə mühüm müzakirələrdən biri də “Yaxşı müəllim necə olmalıdır?” mövzusunun müzakirəsidir. 

Yaxşı müəllim üçün universal standart yoxdur. Yaxşı müəllim fərdin və cəmiyyətin öz normalarına görə dəyişə bilər. Yaxşı müəllim sahəni yaxşı bilməli, öz üzərində çalışmalı, xarici dilləri bilməli, insanları və xüsusilə, uşaqları sevməli, fədakar, səbirli olmalıdır.

"Yaxşı müəllim necə olmalıdır?” sualına minlərlə cavab verilə bilər. Bütün cavablar özlüyündə dəyərlidir. Bununla belə, yuxarıda sadalanan yaxşı müəllimlərin tərifləri, əslində, yaxşı müəllimin keyfiyyətləri deyil, bunlar hər bir müəllimin malik olmalı olduğu keyfiyyətlərdir. 

Yaxşı müəllimin xüsusiyyətləri

Yaxşı müəllim digər müəllimlərin etdiklərindən əlavə, çox fərqli işlər görə bilən və qeyri-adi nəticələr əldə edə bilən müəllimdir. Çünki digər müəllimlərlə eyni işi görən müəllimlərin də qismətində eyni nəticə var. Yaxşı müəllim yerindən asılı olaraq həm müəllim, həm valideyn, həm bələdçi, həm də dost olmağı bacarmalıdır. Çünki müəllim şagirdlərlə, bəlkə də, əksər valideynlərdən daha çox vaxt keçirir. Yaxşı müəllim şagirdlərinin ailə vəziyyətini bilməlidir. Şagirdlərin ailə vəziyyəti təhsilə müsbət və mənfi mənada təsir edir. Müəllim ailə problemləri olan şagirdlərinə yol göstərməyi bacarmalıdır. Yaxşı müəllimin şagirdlərinin psixologiyası haqqında təsəvvürü olmalıdır. Şagirdlərin psixoloji durumu, dərslə bağlı düşüncələri, hətta öz fikirləri də dərsdəki uğurlarına təsir edir. 

Yaxşı müəllim şagirdlərin dərslərə və insanlara baxışlarını, gələcəklə bağlı gözləntilərini, özləri haqqında düşüncələrini çox yaxşı təhlil etməyi bacarmalıdır. Yaxşı müəllim keçmiş təhsil həyatında kiçik uğursuzluqlar ucbatından özləri haqqında mənfi fikirlər formalaşdıran şagirdlərin bu mənfi fikirlərini müsbətə çevirməyi bacarmalıdır.

Yaxşı müəllim başa sala bilməlidir ki, tənbəl və ya çalışqan şagird yoxdur, əslində, sadəcə olaraq fikrini dərslərinə cəmləmiş yaxud cəmləməmiş şagirdlərin var. Eyni zamanda, yaxşı müəllim dərslərə fokuslanmaq üçün üsul və texnikaları da şagirdlərinə öyrətməyi bacarmalıdır. Yaxşı müəllim şagirdlərinə kiçik uğurlar yaşatmalı və bu yolla şagirdlərdə bir az səylə uğur qazana biləcəkləri barədə fikir formalaşdırmalıdır. Yaxşı müəllim şagirdlərini düzgün motivasiya etmək üçün əlindən gələni etməyi bacarmalıdır. Yaxşı müəllim hər şəraitdə nikbin düşünmək bacarığı qazanan və bu bacarığı şagirdlərinə öyrədə biləndir. Yaxşı müəllim mənfi düşüncələrin səmtindən belə keçməməli, "qeyri-mümkün" sözünü lüğətindən çıxarmalıdır.

Mənbə: dostbeykoz.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et