Bu gün:

Məktəblərdə ekskursiyaların təşkili


 

24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil eksperti İlham Əhmədovdur. O, məktəblərdəki ekskursiyalarla bağlı sualımızı cavablandırıb.

-Məktəblərdə təşkil olunan ekskursiyaları necə qiymətləndirirsiniz?

-Məktəblərin ekskursiyası ilə bağlı bildirmək istəyirəm ki, məktəblərdə ekskursiyaların təşkili ilə bağlı nazirliyin əsasnaməsi var və məktəblər onun əsasında ekskursiya təşkil edirlər. Bu ekskursiyaların sayı az olur, yoxsa çox olur tam demək olmaz, çünki bu məktəb daxili işlərdən asılıdır. Amma, ümumilikdə, ildə ən az bir dəfə olmaqla usaqları ekskursiya ilə müxtəlif yerlərə aparmaq lazımdır. Təbii ki, bu usaqlardan asılıdır. Onların həvəsi, marağı olmalıdır. Bütünlükdə ekskursiyalar uşaqlar üçün mühümdür. Çünki ekskursiyalar uşaqlarda idrakın inkişaf etməsinə, həyati bacarıqların inkişaf etməsinə, həmçinin gələcəkdə öz işlərini seçmələrinə yardımçı olur. Ekskursiyalar, əsasən, tarixi yerlərdə, təbiət qoynunda olur. Və buna əlavə olaraq deyə bilərəm ki, məsələn, rayonda yaşayan uşaqlar üçün dəniz maraqlı ola bilər. Ona görə də müəllim uşaqları şəhərə, dəniz qırağına gətirib, onları gəzdirməli, dəniz haqqında maraqlı məlumatlar verməlidir. Bütün bunlar olmamışdan əvvəl valideyn icazə verməlidir. Belə ki, hansı valideyn uşağını göndərmək istəyirsə, ərizə yazıb məktəb rəhbərliyinə təqdim etməlidir. Bunun belə olmasına səbəb isə, qəfil baş verəcək qəzalara qarşı ehtiyatdır. Yəni ərizə olmasa, qəzadan sonra valideyn məktəb rəhbərliyini şikayət edə bilər. Ümümiyyətlə, ekskursiyaların sayı çox olmalıdır. Daha çox tarixi muzeylərə, tarixi şəxsiyyətlərin ev muzeylərinə ekskursiya olsa, daha yaxşı olar. Yuxarı sinif uşaqlarını isə universitetlərə, peşə məktəblərinə ekskursiya ilə aparmaq daha əla olar. Çünki artıq onlar öz gələcək karyeralarını qurmaq üçün hər şeylə, hər yerlə tanış olmalıdırlar.

 Əli Mehdili

Paylaş
Şərh əlavə et