Bu gün:

Necə peşəkar fotoqraf ola bilərik?


Əgər əsl fotoqrafiya həvəskarısınızsa və gününüzün çox hissəsini təsirli fotoşəkillər çəkmək üçün doğru anları axtarmağa sərf edirsinizsə, yəqin ki, peşəkar fotoqraf olmaq üçün nə edə biləcəyinizi düşünürsünüz. Bunlar sizə kömək ola bilər:

1. Davamlı fotoşəkillər çəkin – bu, peşəkar fotoqraf olmaq üçün ilk addımdır

Peşəkar fotoqraf olmaq istəyənlər üçün təkliflər siyahısına çox sadə tapa biləcəyiniz bir təkliflə başladığımızın fərqindəyik. Ancaq yenə də bunu xatırlatmağa ehtiyac duyuruq. Davamlı olaraq çox sayda fotoşəkil çəkmək başlanğıcda çəkiliş texnikanızı və çevikliyinizi təkmilləşdirməyin ən yaxşı yollarından biridir. İlk çəkdiklərinizi saxlamağı unutmayın.

2. Foto çəkə biləcəyiniz yeni məkanlar axtarın

Fotoqraf səyahətçidən çox da fərqlənmir. Bu səbəbdən peşəkar fotoqraf olmaq istəyənlərə verilən təkliflər arasında vurğulamağımız lazım olan ikinci məqam mümkün qədər fərqli məkanlarda davamlı gəzib foto çəkməkdir. Fərqli ölkələrə getmək və fərqli mədəniyyətləri foto çərçivələrinizə sığdırmaq şansınız varsa, bu fürsətdən yararlanmağa həmişə açıq olun.

3. Müxtəlif kameralar haqqında məlumat əldə edin

Peşəkar fotoqraf olmaq üçün ən vacib şeylərdən biri müxtəlif kameraları öyrənməkdir. Həmişə eyni kameradan istifadə etməyin mümkün olmadığını və yeni texnologiyaların fotoqrafiya sahəsində çox təsir edici tendensiyaları və dəyişiklikləri ortaya çıxara biləcəyini nəzərdən qaçırmamalısınız.

4. Foto proqramlardan istifadə etməyi öyrənməyə çalışın

Foto proqramı sizə hər şeydən əvvəl çəkdiyiniz fotoşəkillərdə istədiyiniz mükəmməlliyi əldə etməyə imkan verir. Bu baxımdan Adobe Photoshop kimi proqramlarla əlinizdə olan şəkilləri emal etməyi öyrənmək peşəkar fotoqraf olmaq istəyənlərə məsləhət verərkən nəzərə almalı olduğumuz vacib məqamlardan biridir. Şəkillərinizin daha təsirli görünməsi və dərc edəcəyiniz mühitin meyarlarına uyğunlaşdırılması, əsasən, fotoqrafiya proqramlarında təcrübənizdən asılıdır.

5. Kamera aksesuarları ilə tanış olun

Kameralar haqqında bilmək kameranıza yüksək funksiyalar əlavə edəcək aksesuarlar haqqında öyrənmək qədər vacibdir. İşıq sistemləri, linzalar  və bütün digər aksesuarlar haqqında geniş biliyə malik olmaq müxtəlif sahələrdə peşəkar fotoqraf olmaq istədiyiniz zaman işinizi xeyli asanlaşdırır.

6. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyə laqeyd yanaşmayın

Əgər ünsiyyət bacarıqlarının peşəkar fotoqraf olmaq istəyənlər üçün təkliflər kimi bir siyahı ilə əlaqəli olduğunu düşünmürsünüzsə, dərhal deyək ki, böyük səhv edirsiniz. Əksinə, peşəkar həyatın böyük bir hissəsi ünsiyyətdir. Bu səbəbdən peşəkar fotoqraf olmaq üçün həm işləyəcəyiniz agentliklərlə, həm də təkbətək müştərilərlə yaxşı ünsiyyət qura bilməlisiniz.

7. Portfolio hazırlayın

Xatırlayırsınızsa, məqaləmizin əvvəlində ilk fotolarınızdan çoxlu kadrlarınızı  saxlamağınızı tövsiyə etmişdik. Çünki peşəkar fotoqraf olmaq üçün atacağınız ilk addımlardan biri böyük bir portfolio hazırlamaqdır. Müştəriləriniz və ya agentlikləriniz sizin haqqınızda fikir sahibi olmaq üçün işinizi görməlidirlər. Bu nöqtədə yaxşı hazırlanmış portfel iş tapmaq prosesinizi asanlaşdıracaq.

8. Foto müsabiqələrində iştirak etməyə çalışın

Peşəkar fotoqraf olmağa hazır olub-olmadığınızı bilmək istəyirsinizsə, foto müsabiqələrində iştirak etmək yaxşı fikirdir. Unutmamalısınız ki, sənayedə minlərlə həm həvəskar, həm də peşəkar fotoqraf var. Ona görə də yarışlarda istədiyiniz nəticəni əldə etməsəniz belə, həvəsinizi itirməyin. Yarışlarda məqsədiniz qalib olmaq yox, hansı səviyyədə olduğunuzu anlamaq olmalıdır. Bunun üçün təfərrüatlı cavablar və tənqidlər təqdim edən yarışmalarda şansınızı sınamaq karyeranız üçün daha yaxşı ola bilər.

9. Agentliklərə müraciət edin

Peşəkar fotoqraf olmaq istəyənlər üçün tövsiyələr siyahımızın sonuna yaxınlaşdığımızı başa düşmək üçün təkcə maddə nömrələrinə deyil, prosesin gedişatına da baxa bilərsiniz. Təbii ki, hər kəs müstəqil, peşəkar fotoqraf kimi yaşamaq istəyir. Ancaq karyeranıza başlamaq üçün bir agentliklə işləmək heç də pis fikir deyil. Agentlik vasitəsilə nəsə öyrənərkən həm də hobbinizi pul qazana biləcəyiniz bir peşəyə çevirə bilərsiniz.

10.Heç vaxt özünüzü təkmilləşdirməyi dayandırmayın

Bütün digər sənət növləri kimi, fotoqrafiya da yeni cərəyanların təsiri altında daim dəyişir. Buna görə də peşəkar fotoqraf olmaq və karyeranızda daim irəli getmək üçün yeniliklərə açıq olmalısınız. Yerli və xarici usta fotoqrafları daim izləyin. Təbii ki, kimisə təqlid etməyə çalışmayın, lakin onların sektora gətirdikləri yenilikləri özünəməxsus üslubunuzla şərh etməkdən də çəkinməyin.

11. Peşəkar fotoqraf olmaq üçün fotoqrafiya təhsili alın

Peşəkar fotoqraf olmaq, düzgün istiqamətdə sürətlə irəliləmək üçün fotoqrafiya elmini öyrənmək karyeranızda bir başlanğıc üçün əla fürsətdir.

Mənbə: Sinema akademi 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et