
Birinə aşiq olanda onu daim düşünürük. Hisslərimizi çox güclü yaşayır və bəzən fərqli davranmağa başlayırıq. İndiana Universitetinin Kinsey İnstitutundan tədqiqatçı Dr. Helen Fisher "The New York Times"a bildirib ki, "İnsanlar sevgi üçün yaşayır, sevgi üçün ölür və hətta öldürə bilirlər. Sevgi, insan beyninin ən güclü sistemlərindən biridir".
Alimlər sevginin ilk günlərində beynimizdə nə baş verdiyini və onun düşüncələrimizə, davranışlarımıza necə təsir etdiyini araşdırıblar. Onların tapıntıları göstərib ki, liriklərdə və dramatik ssenarilərdə deyilənlər mübaliğə deyil. Yeni sevgi insanda həqiqətən bəzi çaşqınlıqlar yarada bilər.
Mütəxəssislər "romantik sevgi"ni istəkdən daha dərin, amma uzunmüddətli bağlılıqdan fərqli bir bağ kimi təsvir edirlər. İnsanın dünyanı daha gözəl gördüyü bu mərhələ bir neçə kiçik araşdırma nəticəsində daha dərindən öyrənilib. Tədqiqatçılar, romantik münasibətlərin ilk mərhələsində olan insanlara (xüsusilə 1 ildən az) sevdiklərinin fotoşəkillərini göstərərək, beyinlərini MRT cihazı ilə skan ediblər.
Araşdırma nəticəsində məlum olub ki, iştirakçıların beyinlərində dopamin hormonu ilə zəngin olan və istək hissini idarə edən bölgələr daha aktiv işləyir. Bu bölgələr müəyyən stimulantların təsiri ilə də aktivləşə bilər. Buna görə də bəzi ekspertlər sevgini “təbii asılılıq” kimi dəyərləndirirlər.
Şimali Amerika çöl siçanları üzərində aparılan tədqiqatlar da bu nəticələri təsdiqləyir. Bu siçanlar ömür boyu eyni partnyorla birlikdə yaşayan nadir məməlilərdən biridir. Buna görə də alimlər onları insan münasibətlərinin elmi modeli kimi araşdırırlar. Tədqiqatlar göstərir ki, çöl siçanları öz yoldaşlarını tapdıqda, beyinlərinin mükafat sistemi aktivləşir və dopamin hormonu ifraz olunur.
Dopaminin ifrazı, sevginin ilk mərhələlərində insanın niyə sevdiyi şəxsi daim görmək və onunla birlikdə olmaq istəyini izah edir. Asılılıq araşdırmalarında bu qarşısıalınmaz istək “darıxmaq” və ya “böhran” kimi ifadələrlə təsvir edilir.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
