Bu gün:

Brayl əlifbasını kim və nə zaman icad edib?


Bu gün gözdən əlillərin həyatını asanlaşdıran Brayl əlifbası 1821-ci ildə Lui Brayl tərəfindən icad edilmişdir. Brayl özü də gözdən əlil idi.

Louis Braille kimdir?

Brayl 1813-cü ildə cəmi dörd yaşında olarkən atasının ayaqqabı emalatxanasında baş verən qəza nəticəsində sol gözünü, iltihab nəticəsində digər gözünü, görməsini itirib.

Yeddi yaşında Brayl Jacques Palluy adlı pedaqoqdan dərs alaraq, eşidərək məlumatları öyrəndi. Daha sonra Palluy müəllim dostundan onun məktəbinə Braylı yazdırmasını və onu görən tələbələrlə dərs keçməsini xahiş etdi. Beləliklə, məktəbə başlayan Brayl müxtəlif biliklər əldə etməklə yanaşı, çətinliklərin öhdəsindən gəlməyi də öyrəndi. 

İki il sonra Brayl Palluyin məsləhəti ilə Parisdə yeganə gözdən əlillər məktəbinə yazılır. Gözdən əlillərin hiss etməsi üçün təxminən səkkiz santimetr uzunluğunda qabartma hərflər sistemindən istifadə edilən məktəbdə şagirdlər yazıb-oxumağı öyrənməkdə çox çətinlik çəkirdilər. Bu sistemdə kiçik bir təlimatı belə oxumaq çox vaxt aparırdı. Bu vəziyyətdən qane olmayan Brayl daha yaxşı bir üsul tapmaq üçün işləməyə başladı. 

Brayl 12 yaşında olanda məktəbə Çarlz Barbier adlı bir zabit gəlir. Barbier əsgərlərin işığa ehtiyac duymadan və bir-biri ilə danışmadan mesajları oxuya bilməsi üçün “gecə yazısı” adlı bir sistem hazırlamışdı. Bu sistem müxtəlif səslərin kodlar şəklində təmsil olunduğu 12 yuxarı nöqtədən ibarət idi. Brayl hərbçilər üçün çox mürəkkəb hesab edildiyinə görə köhnəlmiş bu sistem üzərində işlədi və hər birində üç nöqtədən ibarət iki paralel sütunlu altı nöqtəli sistemi inkişaf etdirdi. İynə vasitəsi ilə kağıza yazıla bilən, əlifbanın hərflərinin, rəqəmlərin, bağlayıcıların və durğu işarələrinin dəqiqləşdirildiyi sistem görmə məhdudiyyətlilərin həm oxumağı, həm də yazmağı öyrənməsini asanlaşdırıb. Çünki barmaqlarının altından keçən “hərfləri” asanlıqla hiss etməyə imkan verir. Brayl hazırladığı əlifbaya uyğun kitablar da yazır, sonralar təhsil aldığı məktəbdə dərs deyirdi. Brayl əlifbası ilə yazılmış ilk kitab 1827-ci ildə nəşr edilmişdir.

Lui Brayl hazırladığı əlifbanın geniş şəkildə istifadə olunmasının şahidi olmadı. İxtiraçı 43 yaşında vərəmdən vəfat etdikdən sonra Brayl əlifbası bütün dünyada yayılmağa başlayıb. Texnologiyanın inkişafı ilə elektron mətnləri Brayl əlifbasına çevirə bilən qurğular hazırlanmışdır. Planşet ekranlarında Brayl əlifbasının istifadəsi üzrə işlər davam etdirilir.

Brayl əlifbası ilə adınızı qələmlə kağıza yazmağa cəhd edə, sonra isə bu hərfləri iynə ilə qabardaraq oxumağa cəhd edə bilərsiniz.

Mənbə: Bilim genc tubitak 

Tərcümə etdi: Nuran Əhmədzadə 










Paylaş
Şərh əlavə et