Bu gün:

Çernobıl fəlakətindən 39 il ötür


1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyevdən 130 kilometr şimalda yerləşən Çernobıl şəhəri bəşər tarixinin ən dəhşətli ekoloji fəlakətlərindən birinə şahid olub.

Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış nəticəsində ətraf mühitə 1945-ci ildə Xirosimaya atılan atom bombasının 50 mislinə bərabər miqdarda radiasiya yayılıb. Partlayışdan sonra radioaktiv maddə ilə yüklənmiş zəhərli qazlar bir çox ölkənin ekosisteminə təsir edib. Bəzi araşdırmalara görə, Çernobıl nüvə fəlakəti təxminən 200 min insanın birbaşa və ya dolayı yoldan ölümünə səbəb olub. Fəlakətin fəsadları üzündən yüz minlərlə uşaq əlil doğulub, xərçəng halları artıb. Qəzanın mənfi təsirlərinin nəsillər boyu davam edəcəyi də gözlənilir.

Bu gün də Çernobıldəkı nüvə fəlakətinin izlərinin nə qədər risk yaratdığı ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlməkdə davam edir.


Çernobıl Atom Elektrik Stansiyası nə vaxt tikilib?

Çernobıl Atom Elektrik Stansiyasının tikintisinə 1970-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ukrayna SSR-də başlanılıb. Elektrik stansiyasında çalışan işçilər və onların ailələri üçün Pripyat şəhəri üç kilometr aralıda yaradılıb. Elektrik stansiyasının ilk reaktor bloku 1977-ci ildə işə salınıb. Daha sonra əlavə üç enerji blokunun tikintisi başa çatdıqdan sonra illik enerji istehsalı 29 milyard kilovat saata çatıb. Çernobil Atom Elektrik Stansiyasının hər birinin gücü 1000 meqavat (MVt) olan 12 reaktorla dünyanın ən böyük atom elektrik stansiyasına çevrilməsi planlaşdırılıb. Partlayışdan əvvəl elektrik stansiyası dörd reaktorla işləyib və iki reaktor tikilmək üzərə işə başlanılıb. Qəzaya uğrayan dördüncü bölmə üç il idi ki, işlək vəziyyətdə olub.


Aprelin 26-da elektrik stansiyasında nə baş verdi?

1986-cı il aprelin 25-də Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda cari profilaktik təmir işlərinə hazırlıq başlayıb. Gələcəkdə baş verə biləcək fövqəladə hallar zamanı əlavə enerji mənbəyi kimi istifadə olunacaq turbin generatorunun sınaqdan keçirilməsi nəzərdə tutulub. Təcrübənin 700-1000 MVt güc səviyyəsində aparılması qərara alınıb. Qəzadan bir gün əvvəl reaktorun gücü təqribən 1600 MVta endirilib və təcili soyutma sistemi sınaq üçün bağlanıb. Saat 23:10-da güc səviyyəsi 700 MVt-a endirilməyə başlanıb. Avtomatik güc rejimi dəyişdirilib, lakin enerjinin dayandırılması parametri 700 MVt-a təyin edilmədiyi üçün güc səviyyəsi 30 MVt-a düşüb. Növbətçi operator gücü bərpa etməyə cəhd edib və nəticədə, sınağa 200 MVt-da başlayıb ki, bu da planlaşdırıldığından qat-qat aşağı olub. Aprelin 26-da saat 01:23-də idarəetmə pultunda qəza dayandırma siqnalı yanıb. Operator reaktorun dayanma düyməsini basıb və idarəetmə çubuqları aşağıya doğru hərəkət etməyə başlayıb. Güc səviyyəsi saniyələr ərzində nominalın 100 qatına çatıb. Vəziyyət nəzarətdən çıxdıqdan sonra bir neçə saniyə ara ilə iki böyük partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, birinci partlayışda qırmızı alov, ikinci partlayışda isə mavi alov qalxıb, daha sonra elektrik stansiyası nəhəng göbələk formasda qaz buludu ilə əhatə olunub.


Bu gün Çernobıl nə vəziyyətdədir?

1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışdan sonra təxminən 4 min kvadrat kilometr ərazi tərk edilib. Qadağa zonası Ukrayna və Belarus ərazilərini əhatə edib. Elektrik stansiyasının yaxınlığındakı Pripyat şəhəri "kabus şəhər"i kimi adlandırıb. Qadağan olunmuş ərazidən 30 kilometr aralıda polis postları var. Lakin buna baxmayaraq, şəhər bir çox quldurluq və talanlara şahidlik edib. Bildirilir ki, “kabus şəhər”də qiymətli əşyaların oğurlanmadığı mənzil demək olar ki, qalmayıb.

Radioaktiv çirklənmə aşkar edilən ərazidə uzun müddət kənd təsərrüfatı qadağan edilib və yeni tikintilərə icazə verilməyib. Bununla belə, 2024-cü ilin iyun ayında Londonda nəşr olunan “New Scientist” elmi jurnalında dərc olunan hesabata görə, Çernobıl nüvə reaktorunun ətrafındakı geniş əkin sahələrində aparılan ölçmələr nəticəsində radiasiya səviyyəsinin azaldığı və 80 faizinin qida yetişdirilməsi üçün təhlükəsiz olduğu qənaətinə gəlinib. Çernobıl Atom Elektrik Stansiyasının sonuncu işləyən reaktoru 2000-ci il dekabrın 15-də dayandırılıb. Nüvə fəlakətinin baş verdiyi reaktorun qalıqları radioaktiv sızmanın qarşısını almaq üçün 2016-cı ildə nəhəng polad qalxanla örtülüb.

Hazırda fəaliyyətini dayandırmış Çernobıl Atom Elektrik Stansiyasında nüvə obyektlərinin və radioaktiv tullantıların təhlükəsizliyinə, ətraf mühitə nəzarətə və elmi tədqiqatlara cavabdeh olan dövlət müəssisəsi fəaliyyət göstərir. Regionda günəş elektrik stansiyası və Avropa üçün nüvə yanacağı anbarının yaradılması layihələri də gündəmdədir.


Mənbə: BBC 

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et