Türkiyə beynəlxalq siyasətin ən mühüm görüşlərindən biri olan 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi edir. Sammit öncəsi ölkəyə rəsmi səfər edən ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə Ankara Hava Limanına eniş edib. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
24media.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya gələn Tramp iki gün ərzində sıx görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik və tərəfdaşlıq münasibətləri, xüsusilə müdafiə, ticarət və sərmayə sahələri başda olmaqla bütün tərəfləri ilə nəzərdən keçiriləcək, mövcud əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar və dünyada baş verən hadisələr ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Səfərin ikinci günündə Trampın proqramı NATO sammiti ilə davam edəcək. Səhər saatlarında rəsmi qarşılanma və "ailə fotosu" çəkilişindən sonra o, NATO Liderlərinin İşçi Sessiyasında iştirak edəcək. Günün ikinci yarısında isə ABŞ Prezidentinin Ukrayna Dövlət Başçısı Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə ayrı-ayrılıqda təkbətək görüşlər keçirməsi planlaşdırılır. Donald Tramp sabah axşam saatlarında mətbuat konfransı təşkil etdikdən sonra Vaşinqtona yola düşəcək.
