“Forbes” jurnalının açıqladığı 2019-cu ilin milyarderləri siyahısında “Amazon”un qurucusu Ceff Bezos birinci yerdədir. Bezos, təxminən 131 milyard dollar sərvəti ilə bu gün ən varlı insan tituluna sahibdir.
Bununla belə, Bezosun bütün zamanların ən zəngin insanı olacağı ehtimalı azdır.
Çünki bu titul 14-cü əsrdə Qərbi Afrikada Mali Krallığının lideri olmuş Mansa Musaya məxsusdur. Musanın taleyi bu gün də gözlənilməzdir.
Kaliforniya Universiteti Tarix Bölümü müəllimi Dos. Dr. Rudolph Butch Ware dedi: "Son illərdə Musanın sərvəti haqqında əldə etdiyimiz məlumatlar o qədər heyrətamizdir ki, onun nə qədər zəngin və güclü olduğunu təsəvvür edə bilmirik".
ABŞ-da yerləşən Celebrity Net Worth internet saytı 2012-ci ildə Musanın sərvətinin təxminən 400 milyard dollar olduğunu bildirdi. Lakin tarixçilər Musanın sərvətini rəqəmlə ifadə etməyin mümkün olmadığı qənaətindədirlər.
Sərvətin mənbəyi qızıldır
1280-ci ildə anadan olan Mansa Musa 1312-ci ildə taxta çıxdı və Mali Krallığı böyük bir genişlənmə dövrünə girdi. Musanın dövründə krallığın sərhədləri genişlənərək indiki Senaqal, Mali, Burkina Faso, Nigeriya, Qvineya və Fil Dişi Sahilini əhatə edirdi.
Musanın fəth etdiyi torpaqlar çox zəngin yeraltı sərvətlərə malik idi. Bunlara qızıl və duz daxildir. Britaniya Muzeyinin məlumatına görə, Musanın dövründə Köhnə Dünyada satılan qızılın yarısı Mali Krallığından gəlib.
Məkkə səyahəti
Dindar müsəlman olan Musa müqəddəs yerləri ziyarət etmək üçün Sahara səhrası və Misir vasitəsilə Məkkəyə getməyə qərar verdi. Musanın 60 min nəfərlə yola çıxdığı bildirilir. Konvoya əsgərlər, ölkənin yüksək vəzifəli şəxsləri və bəzi qullar da daxil idi. Karvandakı 100 dəvə yüzlərlə kilo xalis qızıl aparırdı.
Musa üç ay Qahirədə qaldı və bu müddət ərzində insanlara o qədər qızıl payladı ki, Yaxın Şərqdə qızılın qiyməti aşağı düşdü. Bu bolluq səbəbiylə qiymətlərin enişinin Yaxın Şərqə xərcinin bu gün 1,5 milyard dollar olduğu təxmin edilir. Bəzi mənbələr iqtisadi çöküş səbəbindən Musanın geri qayıdarkən Qahirədə dayandığını və bazardakı qızılların bir hissəsini toplamağa çalışdığını bildirir.
Musa 1337-ci ildə 57 yaşında vəfat etdi. Onun yerinə oğlu keçdi, lakin imperiyanı bir yerdə saxlaya bilmədi. Mali Krallığı Musanın ölümündən sonra parçalanma prosesinə girdi.
Mənbə: mepanews.com
Tərcümə etdi: Hüseyn İlyasov