Bu gün:

"Mbappe Real problemini həll etmək üçün uyğunlaşmalıdır"


Kilian Mbappe yayda "Paris Sen-Jermen"dən ayrılaraq, 308 oyunda 256 qol vuraraq klubun rekordçusu olub.

"Kylian Mbappe 'Real Madrid'də mərkəz hücumçusu kimi oynamağı öyrənməlidir, çünki o, sol cinahda Vinisius Junioru əvəz edə bilməyəcək", - deyə klubun keçmiş hücumçusu Kərim Benzema bildirib.

"Paris Sen-Jermen" ilə müqaviləsi iyulda başa çatdıqdan sonra "Real"a keçən fransalı ulduz Mbappe yeni klubunda 14 oyunda 8 qol vursa da, son beş oyununda cəmi bir qol vurub.

25 yaşlı futbolçunun üstünlük verdiyi mövqe sol cinahdır, lakin menecer Karlo Ançelotti Braziliya millisinin üzvü Vinisiusu bu mövqedə saxlayıb və Mbappeni mərkəzdə oynamağa məcbur edib.

"Məncə, problem odur ki, Mbappe hətta milli komandada da mərkəz hücumçusu deyil, hər dəfə 9 nömrə kimi oynayanda özünü rahat hiss etmir, çünki bu, onun mövqeyi deyil", - Fransa millisinin keçmiş hücumçusu Benzema İspaniyanın El Chiringuito televiziya şousunda deyib.

"Solda onun özü ilə eyni səviyyədə olan Vinisius var, ona görə də bir problem var ki, Vinisius doqquz və ya sağda oynaya bilməz. Çünki o, solda oynayanda daha cəsarətli oyun nümayiş etdirir".

Benzema "Real"ın Kriştiano Ronaldodan sonra bütün zamanların ən çox qol vuran ikinci oyunçusudur. Fransız hücumçu 2022-ci ildə "Real Madrid"də oynayarkən "Qızıl top" mükafatını qazanmış, ötən il isə Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına imza atmışdır.


Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et