Bu gün:

Almaniyada yeni virus aşkar edildi


Almaniyada Robert Koch İnstitutu (RKI) tərəfindən verilən açıqlamada, ölkədə yeni M-çiçəyi virusu variantının (Clade 1b) ilk yoluxmasının 18 oktyabrda aşkar edildiyi bildirilib. Açıqlamada, “Almaniyadakı ümumi ictimai sağlamlıq üçün riskin aşağı olduğu düşünülür” ifadələri yer alıb. Vəziyyətin yaxından izlənildiyi vurğulanıb.


Çiçək xəstəliyinə bənzəyən M-çiçəyi virusu, xəstələrdə yüksək hərarət, baş, bel və əzələ ağrıları, üşütmə və titrəmə, dəridə səpki kimi əlamətlərə səbəb olur.


Dünya Səhiyyə Təşkilatına (DST) görə, M çiçəyi virusu, Poxviridae adlı virus ailəsinə və Orthopoxvirus cinsinə aid “meymun çiçəyi” virusunun yaratdığı viral xəstəlikdir.


M çiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədi ilə istifadə edilən meymunlarda kəşf edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq oğlan uşağında müşahidə edilən virus, “insanlarda bildirilən ilk mpox hadisəsi” kimi qeydə alınıb. Virusun o dövrdə yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdud qalmışdır. Xəstəliyin geniş yayılmış əlamətləri arasında yüksək hərarət, baş, bel və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, yorğunluq, üşütmə, titrəmə və dəridə su çiçəyinə bənzər qabarcıqlar yer alır. M çiçəyi virusu siçan və sincab kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən keçə bilir.


Virusun səbəb olduğu bədən səpkilərinə toxunmaq, bu səpkilərin bulaşdığı geyim, çarşaf, dəsmal və oxşar əşyaları istifadə etmək və bədən mayeləri ilə təmas virusun yayılmasının əsas səbəbləri arasındadır.


İlk əlamətlər virusa yoluxduqdan 5-21 gün ərzində ortaya çıxa bilir. M çiçəyinin laboratoriyada təsdiqi dəri lezyonlarının test edilməsi ilə həyata keçirilir.


Xəstəliyin xüsusi bir müalicə üsulu yoxdur, müalicə dəstəkləyici qulluq və antiviral dərmanlarla aparılır.


Çiçək xəstəliyi üçün hazırlanan və bəzi ölkələrdə istifadəsi təsdiqlənmiş peyvəndlər və müalicələr, bəzi hallarda M çiçəyi üçün də istifadə edilə bilər.


Hadisələrin böyük əksəriyyəti xəstəliyi yüngül keçirir və bir neçə həftə ərzində sağalır.


Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et