ABŞ prezidenti Co Bayden Ukraynaya ümumi məbləği 7,9 milyard dollar olan yeni hərbi yardım paketini açıqlayıb və Kiyevin müharibədə qalib gəlməsinə kömək etməyə davam edəcəklərini vurğulayıb.
ABŞ prezidenti Bayden Ukraynaya yeni yardım paketi ilə bağlı yazılı açıqlama verib və bu gün Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul etməkdən qürur duyduğunu bildirib.
Açıqlamasında Bayden Rusiya-Ukrayna müharibəsinin əvvəlindən Kiyevin yanında olduqlarını qeyd edərək, "Bu gün Ukraynaya təhlükəsizlik dəstəyinin əhəmiyyətli dərəcədə artacağını və Ukraynanın bu müharibədə qalib gəlməsinə kömək edəcək əlavə addımları açıqlayıram" -deyib.
Baydenin bəyanatına görə, ABŞ-da bazar ertəsi başa çatacaq 2024-cü maliyyə ilinin sonuna qədər Konqresin daha əvvəl təsdiq etdiyi büdcədən qalan 5,5 milyard dollar dərhal Ukraynaya göndəriləcək.
Bundan əlavə, ABŞ administrasiyası Ukraynaya göndərilmək üçün 2,4 milyard dollar dəyərində silah alacaq və bu silahları Kiyevə göndərəcək.
Ümumi dəyəri 7,9 milyard dollar olan sözügedən hərbi yardım paketi Baydenin prezidentliyinin son dövründəki ən böyük dəstəklərdən biri olaraq qeyd edilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
