Rüstəm Umerov göstərilən məbləğin dəqiq hansı müddətə xərcləndiyini açıqlamayıb. Ukraynanın hərbi xərcləri 150 milyard dolları keçib, lakin bu məbləğ Kiyev üçün kifayət deyil, ölkənin müdafiə naziri Rustem Umerov bildirib.

"Biz 150 milyard dollar xərcləyirik ki, bu da tərəfdaşlardan və büdcəmizdən gedir. Bizə daha çox pul lazımdır, o zaman bizim imkanlarımız çox güclü artacaq. Bizə investisiyalar lazım olacaq", - o, Ukraynanın "Rada" telekanalına müsahibəsində deyib.
Nazir qeyd olunan məbləğin dəqiq hansı müddətə xərcləndiyini açıqlamayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə hərbi ehtiyaclar üçün əlavə 12 milyard dollar ayrılması haqqında qanun imzalayıb.
Ukraynanın baş naziri Denis Şmıqal hökumətin gələn ilin dövlət büdcəsi layihəsini 1,6 trilyon qriven (38,6 milyard dollar) kəsirlə təsdiqlədiyini açıqlayıb. Gəlirlərin 2 trilyon qrivna (təxminən 48 milyard dollar), büdcə xərclərinin isə 3,6 trilyon qrivna (87 milyard dollar) olacağı gözlənilir. Hökumət başçısı qeyd edib ki, bütün daxili resurslar “yenidən müdafiə və təhlükəsizliyə yönəldiləcək”. Onun sözlərinə görə, müdafiə xərcləri ən azı 2,22 trilyon qrivenə (53,6 milyard dollar) qədər artacaq.
Mənbə: Tass
Tərcümə etdi: Arzu ibrəhimova
