Bu gün:

Yeməkdən çıxan siçan təyyarəyə təcili eniş etdirib


Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarə sərnişinin yeməyində siçan tapıldığı üçün təcili eniş edib.

Beynəlxalq mətbuatda yer alan xəbərə görə, sentyabrın 18-də Oslo-Malaqa reysini həyata keçirən SAS təyyarəsində sərnişinin yeməyində siçan tapılıb.

“A320-200” model təyyarədə yemək xidməti zamanı siçan sərnişinin yeni açılan yemək nimçəsindən tullanaraq, daha sonra sərnişin salonunda itib.

Vəziyyəti "təhlükəsizlik riski" kimi xarakterizə edən uçuş heyəti təyyarəni hərtərəfli kabin yoxlaması üçün Danimarkanın paytaxtı Kopenhagenə yönəltməyə qərar verib.

Hadisədən sonra SAS sərnişin təyyarəsi Kopenhagendə məcburi eniş edib.

Təyyarənin sərnişinlərindən Jarle Borrestad öz Facebook hesabında yazıb: "İnanın ya da inanmayın. Yanımda bir qadın yeməyi açdı və siçan çölə atıldı". 

SAS-ın sözçüsü Oystein Schmidt verdiyi açıqlamada, "Bizim prosedurlara uyğun olaraq təyyarədə dəyişikliklər edildi"- deyib. O, sərnişinlərin başqa təyyarə ilə İspaniyanın Malaqa şəhərinə aparıldığını bildirib.

"Bu, çox nadir hallarda baş verən bir şeydir. Biz təchizatçılarımızla bunun bir daha baş verməməsi üçün araşdırmanı ehtiva edən prosedurlar qurmuşuq".

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et