Tibb fakültələrində kvotaların artırılması ilə bağlı müzakirələrin davam etdiyi Cənubi Koreyada təcili yardım həkimlərinin sayı ölkə daxilində 40 faizdən çox azalıb.

Yonhap-ın məlumatına görə, Milli Tibb Professorları Şurasının keçirdiyi sorğuda, ötən il ölkədəki 53 böyük tədris xəstəxanasında 914 təcili yardım həkimi çalışırdısa, bu il onların sayı 535-ə düşüb.
Təcili yardım şöbələrində çalışan kursant həkimlərin sayı 2023-cü ildə 386 ikən bu il sorğuda 33 olaraq qeyd edilib.
Sorğu ölkə miqyasında təcili yardım həkimlərinin sayında 40 faizdən çox azalma göstərsə də, Milli Tibb Professorları Şurası 7 xəstəxananın təcili yardım xidmətlərini qismən dayandırmağı nəzərdən keçirdiyini qeyd edib.
Digər tərəfdən, stajyer həkimlərin əksəriyyətinin hökumətin həkim çatışmazlığını aradan qaldırmaq üçün tibb fakültələrinə qəbul kvotasını artırmaq planına etiraz olaraq fevral ayından etibarən iş yerlərini tərk etdiyi bildirilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
