Sokratın xatirələrindən:
Mən gənc olanda tez oyanmağı sevmirdim və anam bu davranışıma nifrət edirdi. Çünki məni zəngin, zəhmətkeş tacir kimi görməyi xəyal edirdi.
Bir gün anam müəllimimi görməyə gəldi. Ondan erkən oyanmağın faydaları haqqında mənimlə danışmağını xahiş etdi.
Müəllim:
-Sokrat, mən sənə gözəl bir əhvalat danışacağam, sən də ondan nə nəticəyə gəldiyini mənə de.
Sokrat:
-Yaxşı.
Müəllim:
-İki quş var idi, biri tez oyanır, həşərat yeyir, balalarını bəsləyirdi. Aclıq, yoxsulluq nədir bilməzdi. Digəri gec oyanar, yeməyə heç nə tapmaz, həmişə kasıblıqdan, yoxsulluqdan şikayət edərdi. Bu hekayədən nə başa düşdün, Sokrat?
Sokrat:
-"Erkən qalxan böcəkləri quşlar yeyər!"
Ətrafda baş verənlərə ancaq öz pəncərəndən baxmaq olanları həmişə bir bucaqdan izləmək deməkdir. Nə sağdan, nə soldan, nə yandan ancaq bir mövqedən izləmək və qiymətləndirmək.
Səncə, hadisələri həmişə eyni yerdən müşahidə etməklə onlar haqqında düzgün qərar verə bilərsənmi?
Bu, futbol oyununda yalnız bir hakimin olması kimidir.
Doğru nəticəyə gəlmək üçün baş verənlərə digər istiqamətdən baxanların fikirləri ilə məsləhətləşmək lazımdır. Təəssüf ki, çox vaxt biz bunu anlamadan, öz fikrimizi əsas götürərək hadisələri qiymətləndirib nəticə çıxarırıq. Ən pisi də odur ki, belə qərarlarımızı çox vaxt doğru hesab edir, növbəti addımlarımızı da ona uyğun atırıq. Bu isə şəxsi həyatımızda, iş fəaliyyətimizdə, cəmiyyətdəki mövqeyimizdə, dost-tanışlarla münasibətimizdə birmənalı qarşılanmır. Biz hər hansı bir problem zamanı öz mövqeyimizdən ikiəlli yapışıb qalır, qarşı tərəfin fikirlərini nəinki başa düşmək, heç dinləmək istəmirik. Özümüzü tam haqlı hesab edir, israrla müdafiə mövqeyində dururuq. Bu da nəticədə ya yanlış qərar verməyə, ya da münasibətlərin korlanmasına gətirib çıxarır.
Bəs nə etməli? Doğru qərar vermək üçün necə davranmalıyıq?
Hər şeydən əvvəl digər fərqli baxış bucaqlarından nəzər salmağı öyrənməliyik.
Hadisələri yalnız öz gözümüzlə deyil, başqalarının gözü ilə də qiymətləndirməliyik. Ola bilsin, vermək istədiyin qərar sənin üçün sərfəlidir, amma ətrafdakıların mövqeyinə ziddir. Bunun üçün əgər ailədaxili qərardırsa, ailə üzvləri ilə, işlə bağlı qərardırsa, iş yoldaşlarınla müzakirə aparmalı, onların da fikrini öyrənməlisən.
Təkbaşına verdiyin qərarlar hamı üçün münasibdirmi?
Təsəvvür et ki, ailənlə səyahətə çıxmaq istəyirsən. Bunun üçün əlverişli imkan yaranır, amma sən nə uşaqlarının, nə həyat yoldaşının fikrini soruşmadan hər şeyi öz zövqünə uyğun seçirsən. Axı getdiyiniz yer yoldaşının sevmədiyi və ya artıq gördüyü, ona maraqsız gələn bir məkan ola bilər. Yaxud oradakı əyləncələr uşaqlarının xoşuna gəlməz. Narazı üzləri görüb düşünürsən: “Bunlara da heç nə bəyəndirmək olmur. Bu da mənim yaxşılığım...” Tanış mənzərədir? Bu cür problemlərlə tez-tez rastlaşırıq. Halbuki situasiyaya digərlərinin də baxış bucağından baxmaq, müzakirələr aparmaq, yekun qərarı hamının razılığını alaraq vermək daha yaxşı olar.
Hadisələrə yalnız öz tərəfindən baxmağa yox de. İşə birbaşa aidiyyatı olan insanlarla empatiya qurmağa çalış. Özünə sual ver: sən onun yerinə olsaydın, nə edərdin? Daxili “mən”ində bu suala tam cavab tapmamış növbəti addımı atma. Bəzən biz qarşı tərəfi yalandan dinləyirik, sadəcə qulaq asırıq, çünki məqsədimiz onu başa düşmək deyil, qərarımız artıq beynimizdə hazırdır. Əks tərəf nə qədər danışsa da, etmək istədiyimizi edəcəyik. Təbii ki, belə əks-əlaqə heç bir effekt verməz və bu elə təktərəfli qərar verməyə bərabərdir. Məqsəd sadəcə vicdanı rahatlatmaq üçün kiməsə qulaq asmaq olmamalıdır. Əgər şəxslərə qulaq asıb, yenə öz bildiyini edəcəksənsə, vaxt itirmə. Empatiya qurmayan “mən”inə yox deməlisən. Biz kimisə dinləyərkən onun yerinə özümüzü qoymalı, vəziyyətə onun gözü ilə baxmalıyıq. O zaman daha dolğun, daha səmərəli qərar verəcəyik. Ortaq məxrəcə gəlmək problemlərin həllində, qərarların qəbulunda ən gözəl yoldur. Bu heç də öz düşüncələrini boğub başqalarının mövqeyini üstün tutmaq deyil. Öz fikrini dəqiq, aydın izah etməli, amma ondan ikiəlli yapışmamalısan. Yəni ümumi dəyərlər üçün çalışmalı, birtərəfli, təkdüşüncəli olmamalısan.
Empatiya bizə nə verir? Baş verənlərə fərqli baxış bucağından baxmaq, qarşı tərəfi daha dərindən duymaq və nəticədə adamların etimadını qazanmaq... Bəli, özündə empatiya hissini formalaşdırdıqca, insanların etimad və inamını qazanırsan. Onlar səni hər bir vəziyyətdə yalnız özünü düşünərək deyil, ətrafdakıların fikir və maraqlarını da nəzərə alaraq qərar verən, hamının xeyri üçün çalışan biri kimi tanıyır. Elə buna görə yalnız öz gözünlə baxmağa yox de və ətrafdakılarla güclü empatiya qurmağa çalış.
Nigar Mahi