İsrail 323 gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 48 saatda həyata keçirdiyi 5 hücumda 69 fələstinlinin həyatını itirdiyi, 212 fələstinlinin isə yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 40 min 334-ə, yaralıların sayının isə 93 min 356-ya yüksəldiyi bildirilib.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah və Məğazi bölgəsində fələstinlilər üçün yeni təxliyə xəbərdarlığı edib. Bölgədəki fələstinlilərdən hazırda təxminən 42 kvadrat kilometr olan və Qəzza zolağının ümumi sahəsinin 11 faizini təşkil edən “humanitar yardım zonası”na keçmələri istənilib. Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən 1,9 milyonu bu bölgədə yaşayır.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
