24media.az-ın budəfəki müsahibi natiqlik təlimçisi və yazar Cəlalə Nəzəroğludur. O, nitq təlimi haqqında suallarımızı cavablandırıb.

Nitq təlimində hansı əsas problemlərlə üzləşirsiniz və bunları necə həll edirsiniz?
Bizə nitqlə əlaqədar müxtəlif problemləri olan insanlar müraciət edirlər. Amma onları konkret olaraq qruplaşdırmaq lazım gələrsə, deyə bilərəm ki, ən çox kütlə xofundan qorxurlar. "Mən ora çıxacağam, insanlar baxacaqlar", "Həyəcandan özümü itirəcəyəm", "Yəqin ki, bilmədiyim yerdən sual verəcəklər", "Məni pərt etməyə çalışacaqlar" və s. bu kimi düşüncələr insanları narahat edən əsas məsələlərdəndir. Bu fikirlər onların kütlə qarşısında sərbəst çıxış etmələrinə mane olur. Bunu niyə xüsusi vurğuladım? Çünki gündəlik ünsiyyətdə olduqları şəxslər-ailə üzvləri, rəfiqələri, dostları, hər gün eyni otağı bölüşdükləri iş yoldaşları ilə ünsiyyətdə, əlbəttə ki, sərbəst olurlar. Amma nə vaxt ki beyindən "indi çaşacağam", "indi yadımdan çıxacaq" düşüncələri keçir, onda doğrudan da sanki çayın qarşısında bənd qurulur. Bunları həll etmək üçün yüzlərlə təlimat var. Əgər, şəxsi yaxşı tanımışıqsa, o bütün səmimiyyəti ilə özünü bizə əmanət edib nədən niyə qorxduğunu deyə bilirsə, biz ona uyğun xüsusi təlimatları seçirik və təlim prosesinə başlayırıq.
Nitq təlimində iştirakçıların özlərini ifadə etmə bacarığını artırmaq üçün hansı yanaşmalar tətbiq edirsiniz?
Təlim prosesi zamanı biz hər bir şəxsə spesifik yanaşırıq. Yəni təlim proqramının bir dəfə yazılıb, yüzlərlə insana tətbiq olunması, illərlə dəyişdirilməməsi qətiyyən yolverilməzdir. Hər 3 aydan bir özümüz özümüzə tənqidi yanaşıb, "Daha yaxşı nələr edə bilərik?" sualını mütləq veririk. Elə təlimatlar var ki, təlimin gedişatı zamanı onları özümüz tapırıq. Bəzilərini xarici ölkələrdən seminarlar aldığımız zaman öyrənirik. Bir qismini kitablardan əldə edirik. Rusiyada, Türkiyədə olan həmkarlarımızla müzakirələr aparıb, dəyişirik, daima inkişaf edirik.
Bir nitq təlimi prosesində iştirakçıların müxtəlif xarakter xüsusiyyətləri və şəxsiyyət tiplərinə necə uyğunlaşmaq lazımdır?
Bu çox yaxşı sualdır. Çünki bəzən, həqiqətən də, problem nə qədər eyni olsa da, şəxslər müxtəlif tipli olur. Deyək ki, elə adam var mən onu eyvana çıxarıram. Eyvandan böyük bir prospekt görünür, maşınlar şütüyür, yandakı parkda insanlar əyləşib və səkidə də insanlar var. Xülasə, xaos, səs-küy və ehtimal olunan baxışlar...
Həmin anda sanki insanı böyük bir məngənənin içinə salırıq və onu məcbur edirik ki, orada gözlərini yumaraq və ya əgər cəsarətlidirsə, gözləri açıq şəkildə hər kəsin bildiyi, Səməd Vurğunun "Azərbaycan" şeirini söyləsin. İnsanlar həmişə bu şeirin lazımsız pafos və az qala sıfır bədən dili ilə deyilməsinə alışıb. Lakin biz şeiri gərəkli bildiyimiz formada şəxsə öyrədib, eynisini ondan tələb edirik. Bəzi iştirakçılar buna əməl edir. Amma müəyyən şəxslər də olur ki, bu təlimat həmin şəxsin vəziyyətini daha da pisləşdirir. Həmin anda biz "eyvan məşqi"ni təxirə salırıq, onunla başqa məşqlər üzərində işləyirik. Bir müddət sonra biz onunla cəsarət tələb edən məşqi yenidən sınayırıq.
Sizcə, nitq təlimində daha çox nəzəriyyə, yoxsa praktika üstünlük təşkil etməlidir?
Nitq təlimində praktika birmənalı şəkildə daha üstündür. Lakin müəyyən qədər nəzəri biliklərin mənimsədilməsi də önəm daşıyır. Çünki insan nəyi, niyə etdiyini dərk etmədən, o məşqin faydalı olacağını düşünmək olmaz. Məsələn, biz səs məşqi edirik: dodaqlar möhkəm sıxılmış və biraz da içəri sovrulmuş halda "M" samitini səsləndirmək lazımdır. Təlimdə iştirak edən şəxs bunu edir, ancaq beynində sual yaranır ki, "mən bunu niyə edirəm?", "bunun mənə nə faydası var?". Təsəvvür edin ki, siz idman zalına getmisiniz. Məşqçi deyir ki, "bu ipi 20 dəfə dartmalısan və hər dəfə həm də oturub-qalxmalısan". Təbii ki, bunun bədəninizin hansı hissəsinə və necə faydalı olması sizə maraqlı gələcək. Səbəbini bildiyiniz zaman məşqi daha ürəkli edirsiniz. Eyni proses bizim təlimatlar üçün də keçərlidir. Sadəcə olaraq nəzəriyyəni qısa və aydın şəkildə çatdırıb, dərhal praktikaya keçirik. Məşqlər sayəsində səs telləri qalınlaşır, burunda və nisbətən ciyiltili səslə danışan şəxslər isə məxməri sinə səsi ilə danışmağı öyrənirlər.
Tahirə Bağırzadə
