Braziliyanın San-Paulu əyalətində qəzaya uğrayan sərnişin təyyarəsində olan 57 sərnişin və 4 ekipaj üzvünün hamısı həyatını itirib.
ATR 72-500 model təyyarənin Voepass aviaşirkətinə məxsus olduğu açıqlanıb. Aviaşirkət əvvəlcə təyyarədə 62 nəfərin olduğunu bildirsə də, sonradan bu rəqəmin 61 olduğu açıqlanıb. Sosial mediada yayımlanan görüntülərdə sərnişin təyyarəsinin Sao Paulo əyalətinin Vinhedo şəhəri səmasında sürətlə aşağı düşdüyü görünür. Görüntülərdə təyyarə sürətlə hündürlüyünü itirir, qara tüstü yayır və spiral şəklində aşağı enərək yaşayış sahəsinə düşür. Təyyarə qəzaya uğradıqdan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu göndərilib.
Təyyarənin düşdüyü qəsəbədə insan itkisinin olmadığı açıqlanıb. Bildirilib ki, yalnız bir evə ziyan dəyib. Əyalətdə 3 günlük matəm elan edilib.
Qəza Braziliyada 2007-ci ildən bəri ən çox ölümlə nəticələnən təyyarə qəzası kimi qeydə alınıb. 2007-ci ildə təyyarə qəzasında 199 nəfər həlak olub.
Mənbə : BBC
Tərcümə etdi: Tahirə Bağırzadə