
Törətmədiyi qətlə görə ABŞ-da həbsdə olan Sandra Hemme 43 ildən sonra azadlığa çıxıb.
Hemme 1980-ci ilin noyabrında, 20 yaşında olarkən kitabxana işçisi Patricia Jeschkeni bıçaqlayaraq öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib. Məlum olub ki, Hemmenin psixiatrik xəstəxanada ağır sedativ terapiya altında olarkən etdiyi etirafdan başqa cinayətlə əlaqəsi olan heç bir dəlil yoxdur. Hazırda 64 yaşında olan Hemmenin ABŞ tarixində ən uzun müddətdir haqsız yerə həbsdə saxlanılan məhbus olduğuna inanılır. Apellyasiya Məhkəməsinin hakimi Ryan Horsman bildirib ki, Hemmenin vəkillərində onun təqsirsizliyinə dair aydın sübutlar var, o cümlədən onun mühakimə olunduğu anda müdafiə qrupuna təqdim edilməmiş sübutlar mövcuddur. Horsman deyib ki, məhkəmədə Hemmenin “tamamilə günahsız” olduğuna dair sübutlar var. Məlum olub ki, polis öz işçilərindən biri olan Maykl Holmanın qatil olduğunu sübut edən dəlilləri görməzdən gəlib. Lakin Holman daha sonra başqa bir cinayətə görə həbs olunub və 2015-ci ildə dünyasını dəyişib. Holmanın pikap maşını qətl günü ərazidə görünsə də, şahid işbirliyi etməkdən boyun qaçırıb. Həmçinin qətldən sonra Holman, Patricia Jeschke-nin kredit kartından istifadə edib. Sorğu zamanı isə onu xəndəkdən tapdığını iddia edib. Holmanın evində Jeschkeyə məxsus bir cüt qızıl sırğa da aşkar edilmişdir. Bu sübutların heç birinin o zaman Hemmenin müdafiə qrupuna verilmədiyi, Hemmenin ağır dərmanlar altında olduğu halda ifadəsinin alındığı bildirilmişdir. Məhkəmə sənədlərinə görə ifadəsi alınan zaman onun cavabları birhecalı olub, nə baş verdiyini dəqiq bilməyib və əzələ spazmları səbəbindən başını dik tutmaqda çətinlik çəkib. Hakim Horsman bildirib ki, Hemmeni qətllə əlaqələndirən heç bir məhkəmə tibbi sübut, şahid və ya motivasiya yoxdur. Cümə günü sərbəst buraxılan Hemme bacısı, qızı və nəvəsi ilə yenidən bir araya gəlib. Onun vəkili Sean O'Brien, Hemmenin bütün həyatını həbsxanada keçirdiyi üçün sosial təminatı olmadığını və buna görə də Hemmenin hələ də köməyə ehtiyacı olduğunu bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
