Bu gün:

Qaemi qasırğası nəticəsində 25 nəfər ölüb


Filippin və Tayvanda təsirli olan Gaemi qasırğasının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində 25 nəfər həyatını itirib.

Qaemi qasırğasının təsirinə məruz qalan iki ölkədə leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi baş verib, evlərə və mağazalara ziyan dəyib.

Tayvanda daşqın və torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 220-dən çox adam yaralanıb.

Bu gün Tayvanda ofislər və məktəblər bağlansa da, insanlar evdə qalmağa və sahil zolağından uzaq durmağa çağırılıb.

Filippində daşqınlara səbəb olub

Filippinin paytaxtı Manilada daşqınlar nəticəsində minlərlə insan qapalı qalıb.

Suyun səviyyəsinin yerlərdə 150 santimetri keçdiyi Manilada ilkin məlumatlara görə, sel və torpaq sürüşmələri nəticəsində 22 nəfər həyatını itirib. Paytaxtda sel suları altında qalan 3 nəfər axtarılır.

13 milyon vətəndaşın yaşadığı paytaxtda insanların evlərin damına çıxaraq kömək gözlədiyi bildirilib.

Tayvanda 9 nəfərlik heyəti ilə yük gəmisi batıb

BBC-nin məlumatına görə, Tanzaniya yük gəmisi Tayvanın cənubundakı liman şəhəri Kaohsiung sahillərində qasırğaya tutularaq batıb.

Tayvan Sahil Mühafizəsi İdarəsi batmaqda olan “Fu Shun” yük gəmisindəki 9 nəfərlik Myanma heyətinin dənizə atıldığını açıqlayıb. Həmin şəxslərin xilas edilib-edilməməsi ilə bağlı məlumat paylaşılmayıb.

Qaemi tayfunu Çində də təsirli olub

Sinxua agentliyinin xəbərinə görə, Qaemi qasırğası səbəbindən Çinin şərqindəki Fujian bölgəsində 156 min 800 nəfər təxliyə edilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et