Hindistanda 19 yaşlı qadın baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Kəllə sümüyündə 77 iynə olan qadın iki dəfə əməliyyat olunub. Məlum olub ki, qadın cadudan xilas olmaq üçün “müalicə” alıb.

Şiddətli başağrısı ilə Bhima Bhoi Tibb Kolleci Xəstəxanasına müraciət edən qadının üzərində lazımi müayinələr aparılıb. Gənc qadının kəlləsinə çoxlu iynələr batırıldığı görülüb. Əvvəlcə qadının kəllə sümüyündən yeddi iynə çıxarılıb. Vəziyyəti yaxşılaşmayan qadının kəllə sümüyündə qalan 70 iynə ikinci əməliyyatda çıxarılıb. Bildirilib ki, iynələrin heç biri sümüklərə nüfuz etməyib və yalnız yumşaq toxumaları zədələyib. Səlahiyyətli şəxslər qadının psixoloji probleminin olmadığını, amma 4 il əvvəl anasını itirdiyini açıqlayıb. Anasının ölümündən sonra yaşadığı sağlamlıq problemlərinə çarə axtaran qadın elmi olmayan üsullara əl atıb. Xəstəliklərdən və ya ona edilən cadudan azad olmaq üçün “iynə müalicəsi” etdiyi bildirilən şəxs polis tərəfindən həbs edilib.
Mənbə: onedio.com
Tərcümə etdi: Tahirə Bağırzadə
