Bu gün:

Kodlaşdırılma zamanı nələrə diqqət etmək lazımdır?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti Qoşqar Məhərrəmovdur. Ekspert ixtisas seçimində diqqət edilməli məqamlardan danışıb.

-Qəbul imtahanları yekunlaşmaq üzrədir. İxtisas seçimi başlayacaq. Kodlaşdırılma zamanı nələrə diqqət etmək lazımdır?

İxtisas seçimi edərkən abituriyentlərin ən çox diqqət etməli olduğu məqam onların arzuları və mövcud vəziyyətdir. Onlar ixtisasların nə işə yaradığı haqqında dəqiq məlumatlı olmalıdırlar ki, bitirdikdən sonra hansı peşəyə yiyələnəcəklər bilsinlər. Bu ixtisas hansı universitetlərdə daha yaxşı tədris olunur, bakalavr müddətində hansı dərslər keçiriləcək və s. bunları bildikdən sonra bu ixtisası oxumağa dəyərmi sualına cavab da tapmış olarlar. Həmçinin bu biliklərə yiyələndikdən sonra bilməlidirlər ki, onların həvəsi, potensialı, marağı bu ixtisası bitirmək üçün çatacaqmı?!

Bundan əlavə, ixtisas seçimi edərkən abituriyentlər keçən ilin bal sisteminə, Dövlət İmtahan Mərkəzinin cari il üçün nəşr etdirdiyi jurnala diqqət yetirməlidirlər. Bu proses ərzində öz balını keçən ilə nəzərən müqayisə etməli, universitetlərin həmin ixtisas üçün ayırdığı boş yerlərə nəzər yetirməlidirlər. Ümumiyyətlə, ixtisas seçimi ən önəmli addımlardan biridir. Abituriyentlər bu prosesi özləri icra edə bilər, lakin mütəxəssisə müraciət etmək daha faydalı olacaqdır. Əgər bir abituriyent ixtisaslar haqqında öyrənmək istəyirsə, o zaman ixtisas.az saytına daxil olmaqla yetərincə məlumata sahib ola bilərlər. Dövlət Məşğulluq Agentliyinin  əlaqədar şöbəsi də ixtisas seçimi zamanı abituriyentlərin maarifləndirilməsi işi ilə məşğuldur. İxtisas seçimi edən hər bir abituriyent bu kimi onlayn resurslardan istifadə etməklə ixtisasların gələcək perspektivləri haqqında məlumat sahibi ola bilərlər. 

Aytac Musayeva 


Paylaş
Şərh əlavə et