Bu gün:

“Bu şəxslərin gələcəkdə iş tapma imkanları yüksək olur”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Rizvan Fikrətoğludur. O, peşə təhsilinin cəmiyyət üçün rolundan danışıb.

 

Təhsili olmayanları peşə təhsilinə cəlb etmək üçün nələr edilə bilər, ümumiyyətlə, peşə təhsili cəmiyyət üçün nələri vəd edir?


Hər kəs ali təhsil almalıdır deyə bir standart və məcburiyyət yoxdur. Lakin hər kəsin peşəsi, sənəti olmalıdır. Bir çox peşə sahələri var ki, ali təhsil ixtisasının qazandırdığı maddi imkanlardan daha çoxunu qazandıra bilir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində, məsələn, Almaniya, Avstriya və İsveçrədə peşə təhsilinə xüsusi önəm verilir. Avropa Birliyi ölkələri, xüsusən də, Almaniya “dual peşə təhsili modelində” praktiki baxımdan çox öndədir. Həmçinin Çində, Hindistanda və Rusiyada da bu sahədə ciddi addımlar atılıb. Eyni zamanda, Asiya ölkələrində, xüsusən, Türkiyə, İsrail, Koreya və İordaniya kimi ölkələrdə ötən əsrin 80-ci illərindən peşə təhsilinə diqqət kifayət qədər artıb. Eləcə də ölkəmizdə də son illərdə peşə təhsilinə olduqca önəm verilir.

 

Peşə təhsili şəxsin iqtisadi və sosial həyatın müxtəlif sahələrində olan texnoloji bacarıqlarla əlaqəli inkişafını təmin edir. İşin maraqlı tərəfi də odur ki, peşə təhsili alan şəxslərin gələcəkdə iş tapma imkanları yüksək olur. Ölkəmizdə xidmət və istehsalat sahələrində peşə təhsilli şəxslərə çox ehtiyac var. Bu ehtiyacı doldurmaq üçün ali təhsil ala bilməyən gənclərin peşə təhsilinə yönləndirməkdə böyük fayda var. 

 

Peşə təhsili daha çox praktik vərdişlərə əsaslanır. Bu da şəxsin görəcəyi işlə bağlı real yetişməsinə, peşəsini öyrənməsinə böyük imkanlar yaradır. Ölkəmizdə peşə təhsili ilə bağlı 2016-cı ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkil edilməsini təmin edən agentlik bu sahədə aparılan işlərə bilavasitə cavabdehlik daşıyır. 

 

Ölkəmizdə elə peşə məktəbləri var ki, bazası ali məktəbləri keçə bilir. Orada olan müxtəlif ixtisaslar olduqca ciddi sahələri ehtiva edir. Bütün bunlar gənclərin inkişafı baxımdan vacibdir.

 

Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et