Çox nadir təbiət hadisəsi olan yanğın burulğanı “od şeytanı” və ya “atəş tornadosu” kimi də tanınır. Xüsusilə yanğınlar kimi istiliyin yüksək olduğu ərazilərdə fırtınalı hava şəraiti yanğın burulğanlarının yaranmasına səbəb ola bilər. Bu burulğanlar ətrafdakı parçaları əmməklə və yandırmaqla böyüyə bilər.
Atəş burulğanlarında adətən yanan bir nüvə var. O, xaricində görünməz, burulğan formalı hava paketindən ibarətdir və bu xarici təbəqə daxili təbəqəni təzə oksigenlə təmin edərək yanmanın davam etməsinə səbəb olur.
Tipik olaraq yanğın burulğanlarının eni 30-90 santimetrə və hündürlüyü 15-30 metrə çatır. Məlumdur ki, uyğun şəraitdə eni onlarla metrə, hündürlüyü isə 300 metrə çata bilər.
Bu burulğanın mərkəzindəki temperatur Selsi üzrə 1100 dərəcəyə çata bilər. Bu yüksək temperatur hətta yerdən yığılan külləri yenidən yandıra bilər. Yanğın burulğanları temperatur fərqləri səbəbindən ətraflarında sürəti saatda 160 kilometrə çatan küləklər yarada bilir. Bu dəhşətli təbiət hadisəsi solmadan 1 saatdan çox davam edə bilər.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
