Bu gün:

Qəzza zolağının şimalında aclıq böhranı fələstinlilərin həyatını təhdid edir


İsrailin aylardır davam edən dağıdıcı hücumları, blokadanın gücləndirilməsi və məhdud ərzaq məhsullarının ölkəyə girişinin əngəllənməsi nəticəsində Qəzza zolağının şimalında və Qəzza şəhərində artan aclıq böhranı fələstinlilərin həyatını təhdid edir.

Qəzzada və şimal bölgələrində ərzaq məhsullarının qıtlığı və əsas xidmətlərdən məhrum olması, evlərin və infrastrukturun dağıdılması humanitar vəziyyəti günü-gündən pisləşdirir.

İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumların yaratdığı aclığın izlərini məcburi köçkün fələstinlilərin qaldığı çadırlarda, məktəblərdə və xəstəxanalarda görmək mümkündür.

Hücumların və köçkünlərin ağır yükü altında olan minlərlə fələstinli ailənin arasında aclıq kabus kimi dolanır.

Bundan əlavə, Qəzzanın dünyaya açılan yeganə qapısı olan və böyük ölçüdə bölgəyə humanitar yardımların çatdırıldığı Rəfah Sərhəd Qapısı da İsrail işğalı altında olduğu üçün mayın 7-dən etibarən bağlanıb.

Rəfahın bağlanması ərzaq qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et