
Siz ziyarət etdiyiniz muzeylərdə fləş fotoqrafiyanın qadağan edildiyini bildirən xəbərdarlıq işarələrini görmüsünüz və ya muzey rəsmiləri tərəfindən edilən xəbərdarlıqların şahidi olmusunuz. Bəs niyə muzeylərdə şəkil çəkdirməyə bəzi məhdudiyyətlər var?
Muzeylərdə çox vaxt fotoşəkil çəkməklə bağlı müxtəlif qaydalar və məhdudiyyətlər olur. Bəzi muzeylərdə fləş fotoqrafiyaya icazə verilməsə də, bəzilərində fotoşəkil çəkmək tamamilə qadağandır. Bu vəziyyətin iki səbəbi var. Birincisi, fənər işığın sənət əsərlərinə ziyan vurması, ikincisi isə müəllif hüquqları ilə bağlı problemlərdir.
Fləş ətraf mühitin fotoşəkil çəkmək üçün kifayət qədər parlaq olmadığı zaman səhnəni çox qısa müddət ərzində müvafiq parlaqlıq səviyyəsinə çatdırmağa imkan verən bir cihazdır. Fləş işığın millisaniyə miqyasında, yəni saniyənin mində biri kimi qısa müddətdə yaratdığı sıx işıq sayəsində ətraf mühit müvəqqəti olaraq işıqlandırılır. Bununla belə, işığının intensivliyi çox yüksək olduğundan, fləş fotoşəkillərin çəkilməsi işığa həssas materialların, məsələn, boya piqmentlərinin kimyəvi strukturunun pisləşməsinə səbəb ola bilər. Bu halda rəsm əsərlərinin rəngləri solğunlaşa və onlarda kiçik çatlar və dalğalar görünə bilər.
Muzeylərdə fotoqrafiyaya icazə verilməməsinin digər səbəbi müəllif hüquqları ilə bağlı yaranan problemlərdir. Bəzi muzeylər sərgilədikləri bütün sənət əsərlərinin müəllif hüquqlarına malik olmaya bilərlər. Belə muzeylərdə ziyarətçilərin çəkdikləri fotoşəkillərin müxtəlif sosial media platformalarında paylaşılması müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Muzeylərdə fotoşəkillərin çəkilməsinə qoyulan məhdudiyyətlərin bir səbəbi də odur ki, bəzi muzeylərin suvenir satışı bölmələrində muzeydə nümayiş olunan sənət əsərlərinə məxsus suvenirlərin satışı bu vəziyyətə mənfi təsir göstərə bilər.
Hazırda mobil telefon kameralarının və rəqəmsal kameraların geniş yayılması ilə bir çox muzeylər sərgilədikləri sənət əsərlərinin fotoşəkillərinin çəkilməsi ilə bağlı qaydalarına yenidən baxmağa başlayıblar. Bəzi muzeylər qeyri-kommersiya məqsədləri üçün istifadə etmək şərti ilə fotoqrafiyaya icazə versə də, digər muzeylər sərgilədikləri sənət əsərlərinin yüksək keyfiyyətli fotoşəkillərini öz internet saytlarında paylaşa bilərlər.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
