Mayın 25-də Bakı şəhər Nəsimi rayonu 152 saylı tam orta məktəbin ( 2014-cü ildə ləğv edilib) keçmiş müəllimləri və məzunları ilə illər sonra ilk dəfə görüş tipli məzun günü keçirilib. Tədbirin təşəbbüskarı və təşkilati dəstəkçisi həmin məktəbdə vaxtı ilə çalışmış Zeynəb Nəbiyeva və 2003-cü il məzunu Əlvi İbrahimov olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimiz sükutla anılıb.
Zeynəb Nəbiyeva tədbir iştirakçılarını salamlayıb və görüşün əhəmiyyətindən bəhs edib. O, məktəbin bir sıra müəllimlərinin vəfat etməsindən kədərləndiyini, bəzi müəllimlərin isə səhhətləri ilə əlaqədar iştirak edə bilmədiklərini bildirib. Məktəbin məzunlarının hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini qeyd edib.

Tədbirin digər təşkilatçısı və aparıcısı Əlvi İbrahimov görüşün əlamətdar bir tarixə – şanlı Azərbaycan ordusunun Qazaxın işğal altında olan dörd kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırdığı günlərə təsadüf etdiyini deyib, həmçinin Prezident İlham Əliyevin müdrik siyasəti və şanlı Azərbaycan ordusunun qüdrəti ilə 44 Günlük Vətən müharibəsində və anti-terror əməliyyatlarında Azərbaycan dövlətinin qazandığı qələbələrdən bəhs edib.

Tədbirdə keçmiş direktorlar, Vətən müharibəsində iştirak etmiş veteranlar adından məktəbin məzunu Abdulla Rəfiyev və digər məzunlar çıxış ediblər.
Görüş zamanı məzunlar vaxtilə şagird kimi əyləşdikləri sinif otaqlarında partalar arxasında əyləşiblər, müəllimlər simvolik dərslər keçiblər, xatirə şəkilləri çəkdirilib.

152 saylı məktəbin tədris binası Azərbaycan Pedaqoji Universitetinin balansında olduğu üçün tədbirdə universitetin xüsusi nümayəndəsi – ADPU-nun Tədris Departamentinin Məzun Koordinasiya və Karyera Şöbəsinin müdiri Könül Əsgərova da qonaq qismində iştirak edib.



Həvva Cəbrayılova
