Bu gün:

İnsanlar ölməzdən əvvəl nə görürlər?


Amerikalı həkim Kristofer Kerr 1999-cu ilin aprelində karyerasını tamamilə dəyişdirən bir hadisə yaşayıb. Onun xəstəsi, 70 yaşlı Meri ölməzdən əvvəl xəstəxanada olarkən qəribə davranmağa başlayıb. O, çarpayıda sürünən körpəyə əlini uzadırmış kimi oturub və Danny adını tərənnüm edərkən körpəni qucaqlayıb öpüb. Uşaqları Danny adlı birini tanımadıqları üçün anasının davranışını anlaya bilməyiblər.

Ancaq ertəsi gün bacısı xəstəxanaya gələrək Merinin Danny adlı körpəsinin illər əvvəl öldüyünü və bu itki böyük ağrıya səbəb olduğu üçün Merinin bu hadisə haqqında bir daha danışmadığını deyib.

Hazırda həkim Kerr ölməkdə olan insanların görüntüləri və xəyalları üzrə dünyanın aparıcı ekspertlərindən biridir. Kerr deyir ki, bu təcrübə ölümdən həftələr əvvəl başlayır və ölüm yaxınlaşdıqca tezliyi artır. Xəstələr həyatlarının mühüm anlarını yenidən yaşaya bilərlər ya da illər əvvəl ölmüş anaları, ataları, uşaqları və heyvanları ilə danışa bilərlər.

Xəstələr üçün bu təsvirlər real hiss yaradır. Bu, xəstələrə rahatlıq hissi verir. Kerr qeyd edib ki, bu münasibətlərin xatirəsi çox mənalı və təsəlliverici şəkildə geri qayıdır, yaşadıqları həyatı qiymətli edir və ölüm qorxusunu azaldır. O, vurğulayır ki, onların fiziki sağlamlıqları pisləşsə də, emosional və mənəvi cəhətdən xəbərdardırlar.

Ancaq bəzi həkimlər bu vəziyyəti halüsinasiyalar və ya qarışıqlıq kimi təsvir edirlər; daha çox elmi araşdırmalara ehtiyac olduğunu bildirirlər. Kerrin sözlərinə görə, bu təcrübələrin səbəbi çox önəmli deyil, xəstələrin keçdiyi proses önəmlidir. İnsanların 88 % bu təcrübələrdən ən azı birini yaşayıb.

Xəstələrin üçdə biri özlərini səyahətdə görür, itirdikləri insanlarla yenidən əlaqə qururlar. Yuxularında gördükləri insanlar daha çox həyatları boyu onlara dəstək olmuş və sevmiş insanlardır.

Həyatları boyu aldıqları yaralar yuxularda da görülür. Məsələn, xəstənin müharibədən sağ çıxdığına görə peşmançılıq hissi keçirməsi mümkündür, lakin ölümə yaxınlaşdıqca qarşıdurmalarda həlak olan dostlarını görür.

Uşaqlar üçün reallıq və təxəyyül arasında kəskin sərhəd olmadığı üçün onlar bu təcrübələri daha canlı yaşayırlar. Onların gördüklərinin daha canlı və rəngarəng olduğu bildirilir.

Kerrin fikrincə, sosial elmlər daha çox insanın ölümlə bağlı təcrübəsinə diqqət yetirir. Tibb bu sahədə araşdırmalara maraq göstərmir, lakin əslində bu sahə müalicə alanlar və onların ailələri üçün böyük əhəmiyyət kəsb edir.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et