Bu gün:

"Ədəbiyyata həvəs yaratmaq valideynin vəzifəsidir"


24media.az-ın "1 sual, 1cavab" rubrikasının budəfəki müsahibi yazıçı Elgüsel-Günel Məcidovadır. O, uşaqlarda ədəbiyyata qarşı həvəs yaratmağın üsullarından danışıb. 


-Uşaqlarda ədəbiyyata qarşı həvəsi necə yaratmaq olar?


Ədəbiyyata qarşı həvəs yaratmaq birbaşa valideynlərin üzərinə düşən ən şirin, möhtəşəm, əyləncəli vəzifədir. Təəssüf ki, bütün ailələr müxtəlif səbəblərdən bunu edə bilmirlər. Uşaqlara körpəlikdən nağıllar danışmaq, kitabları sevdirmək lazımdır. Təxəyyülün inkişafı üçün çalışmaq lazımdır. Məsələn, uşaqlar ailə ilə tanışlıqdan sonra təbiətlə tanış olmalı, təbiətin səslərini dinləməlidirlər. (Telefon və televizor səsləri, verilişləri yox). Körpələr güvəndə böyüməlidirlər. Bunu onlar hiss edirlər. Bizim düşündüyümüzün əksi olaraq, onlar çox həssas və ağıllıdırlar. Beynimizin ən çox inkişafı körpə və ilk uşaqlıq dövrünə aiddir. Qalan illərdə əldə olunan bilik, vərdiş, bacarıq, yəni qavranan hər şey emal olunur, tərəziyə qoyulur.



Əvvəlcə, uşaqlara mənəvi cəhətdən sağlam ailə vermək, sonra potensiala uyğun inkişaf etdirmək gərəkdir. Ana və ata övladın gözlə görünməyən iki qanadıdır. Övladın hansı yüksəkliklərə qanad çalması və bacarıqları onlardan asılıdır. Sevgi bütün münasibətləri dada gətirən təbii dadlandırıcıdır. 



Uşaqlara incə davranmaq lazımdır. Kiminsə uşağı tez dil açıb, tez yeriyib, üstündür, ya fərqlidir deyib müqayisə etmək olmaz. Müqayisə paxıllıq hissinin yaranmasına səbəb olur. Bunu da valideynlər uşaqlarda yaradır. Bütün emosional hislərin-qorxu, təlaş və s. hamısının stimulu valideynlərə aiddir. Onlar balacaların böyük dünyasıdırlar. Nə qədər ki bu böyük dünya uşaq dünyasını qoruyub öz daxillərində saxlamağı öyrənməyiblər, uşaqları ilə uşaqlaşa bilmirlərsə, ədəbiyyat sevgisindən söhbət gedə bilməz.


Nə qədər ki ailədə ən dəyərli hədiyyə kitablar deyil, o zaman ədəbiyyat sevgisi olmayacaq. Valideynlər kitabları özləri oxuyub sonra övladına oxumalıdırlar. Uşaqlar böyüdükcə ailə birlikdə kitab oxumalıdır. Məsələn, kitabın ilk səhifəsini ata, daha sonra ana və uşaqlar. Bu çox əyləncəli olur. Beləcə müzakirə, yanaşma, təhlil yaranır. Debat başlayır. Hərə anladığını ortalığa qoyanda bir-birini tanıyan ailə üzvləri özlərinin fərqli xüsusiyyətlərini də görürlər.


Çinarə Muradova

Paylaş
Şərh əlavə et