Bu gün:

Atlar necə ayaq üstə yatır?


Atların ayaq üstə yatmaq üçün qeyri-adi qabiliyyəti var. Atların ayaq üstə yatmasını təmin edən ayaq əzələləri, bağlar və vətərlərdir. Bu xüsusiyyətləri sayəsində dizlərini bağlaya bilən atlar yıxılmadan ayaq üstə yuxuya gedə bilirlər. At yatarkən üç ayağı üzərində tarazlıq saxlaya bilir. Bu yolla o, digər sərbəst ayağını da dincəldə bilər. Bu şəkildə sərbəst ayağını dəyişdirərək və bütün ayaqlarını dincəlməklə ayaq üstə yata bilər. Bir atın 500 kq-dan çox kütləsi ola biləcəyini nəzərə alsaq, bu xüsusiyyətin atlar üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar. Atlar təkcə ayaq üstə yuxuya getmirlər, həm də uzanaraq yata bilərlər. Əslində, alimlər atların hər gün uzanıb yatması lazım olduğunu bildirirlər. Çünki atların beş fərqli yuxu mərhələsi var, bəziləri yüngül, bəziləri isə dərindir. Atların yuxu dövrü dərin yuxu fazası (REM yuxusu) və ardınca yüngül yuxu fazaları ilə tamamlanır. Beynin düzgün işləməsi üçün zəruri olan dərin yuxu mərhələsi yalnız uzanaraq yatdıqları zaman işə düşür. Bu səbəbdən atların hər gün müəyyən müddət uzanıb yatması lazımdır. Atların ayaq üstə yatarkən REM yuxusuna gedə bilməmələrinin özünü qoruma mexanizmindən qaynaqlandığı düşünülür. Atların ayaq üstə yatmaq qabiliyyəti vəhşi atlar üçün ən vacibdir. Təbiətdə açıq ərazilərdə yaşayan vəhşi atlar bu xüsusiyyətləri sayəsində ovlanmaqdan qaça bilirlər. Atlar ağır heyvan olduqları üçün yerdən kifayət qədər tez qalxa bilmirlər və ovçu tərəfindən asanlıqla tutula bilirlər. Ancaq ayaq üstə yatdıqları zaman yaxınlaşan təhlükələrdən daha asan xilas ola bilirlər.


Mənbə: bilimgenc.tubitak.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et