Bu gün:

Vegetativ sinir sistemi nədir?


Vegetativ sinir sistemi nədir? 

Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıqları qəbul edərək, onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata keçir.

Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Sinir toxuması neyrondan (sinir hüceyrəsi) və neyroqliyadan təşkil olunmuşdur. Neyronlar arasında anatomik rabitə olmadığından, oyanma bir neyrondan digərinə mediator adlanan xüsusi kimyəvi maddələrin ifraz olunduğu sinapslar vasitəsilə ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir.

İnsanın vahid sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 

1) somatik sinir sistemi 

2) vegetativ sinir sistemi.

Somatik sinir sistemi hərəkət aparatını, daxili orqanlarda olan eninəzolaqlı əzələləri, dərini, ağız və burun boşluğunun selikli qişasını və duyğu orqanlarını innervasiya edir. Vegetativ sinir sistemi isə bütün daxili orqanları (həzm, tənəffüs, sidik-cinsiyyət orqanlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bundan başqa, vegetativ sinir sistemi eninəzolaqlı əzələlərə də liflər verərək onların tonusunu tənzim edir. Vegetativ sinir sistemi öz növbəsində simpatik və parasimpatik sinir sisteminə bölünür. Vegetativ sinir sisteminin sinirləri qarışıq sinirlər olub, eyni sinirin tərkibində həm simpatik, həm də parasimpatik liflər vardır.

Somatik sinir sistemi mərkəzi və periferik (ucqar) sinir sisteminə bölünür. Mərkəzi sinir sisteminə beyin (baş beyni) və onurğa beyni, periferik sinir sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir.

Mərkəzi sinir sistemi. Baş beyin. Baş beyin kəllə boşluğunda yerləşərək, çəkisi orta hesabla 1360 qram olur.

İnsanın baş beyni üç əsas hissədən — beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir.

Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, üçlü eşitmə-müvazinət, üz, azan, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşir.

Vegetativ sinir sistemi

Vegetativ sinir sisteminin fəaliyyəti vegetativ və trofik refleksləri əhatə edir. Vegetativ reflekslər vasitəsilə daxili orqanların fəaliyyəti müəyyən istiqamətdə dəyişilir. Trofik reflekslərin təsiri nəticəsində daxili orqanlarda və müəyyən qədər mərkəzi sinir sistemində maddələr mübadiləsi nizamlanır.

Vegetativ sinir sistemi bütün daxili orqanları, qan damarlarını, eləcə də tər vəzilərini innervasiya edir. O biri digərinə əks istiqamətdə təsir edən parasimpatik və simpatik hissələrə bölünür. Baş beyninin qabıqaltı sahələrindən və onurğa beynindən başlanğıcını alan vegetativ sinirlərin lifləri əvvəl onurğa beyni boyu yerləşmiş periferik qanqlionlara daxil olur və burada yerləşən neyronlarla rabitə yaradır. Həmin neyronlardan başlanan sinir lifləri (aksonlar) bilavasitə işçi orqanlara çatdırılır.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et