
Bəzi ölkələr "yay-qış vaxtı"nın tətbiqi ilə bağlı hələ də tam razılaşma əldə edə bilməyiblər.
Gün işığından səmərəli istifadə məqsədilə saat əqrəblərinin irəli və geri çəkilməsi ideyasının ilk dəfə 1784-cü ildə amerikalı alim, siyasətçi Benjamin Franklin tərəfindən irəli sürüldüyü deyilsə də, bu, tam olaraq, öz təsdiqini tapmır. Belə deyilir ki, Franklinin enerjiyə qənaət məqsədilə satirik formada dediyi bu fikir yalnız insanların yayda erkən ayağa qalxmasından ibarət idi. Bu ideyanın ilk təşəbbüskarı kimi London inşaatçısı Vilyam Villett (1857-1915) təqdim edilir. O, aprelin dörd bazar gününün hər birində saatları 20 dəqiqə irəli çəkməyi, sentyabrın dörd bazar günündə eyni formada geri çəkməyi təklif edirdi.
"Yay vaxtı"nı ilk tətbiq edən ölkələr
Bu təşəbbüsü dəstəkləyərək "yay vaxtı”nı tətbiq edən ilk ölkə Almaniya olub. Almaniyanın 30 aprel 1916-cı ildə “yay vaxtı" na keçməsindən sonra Villettin sxemi əsasında Böyük Britaniya və Amerika Birləşmiş Ştatları da eyni addımı atıb. Lakin mövsümi vaxt tətbiq edən bir çox ölkələr sonradan ondan imtina ediblər. Bu sistemi ilk tətbiq edən Almaniya 1918-ci ildə saatların əqrəblərinin dəyişdirilməsindən imtina etsə də, 1940-cı ildə yenidən qərarını dəyişdirib. Hər il mart ayının sonuncu bazar günündə saat ərqəblərinin irəli çəkilərək "yay vaxtı"na, oktyabrın sonuncu bazar günündə isə geri çəkilərək “qış vaxtı”na keçid etmə ekvatora yaxın ölkələrdə, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil.
Çin, Yaponiya, Hindistan və ekvatora yaxın olan əksər ölkələr saatlarının əqrəblərini dəyişdirmə təcrübəsindən faydalanmırlar. İldə iki dəfə fərqli vaxt rejiminə keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır.
Maraqlı nəticələr və ya iddialar
Mütəxəssislər hesab edirlər ki, regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar kimi götürülməlidir.
ABŞ-da aparılmış sorğu nəticəsində müəyyən edilib ki, amerikalılar "yay vaxtı"nı daha çox bəyənirlər. Çünki "yay vaxtı"na keçdikdə axşamlar daha çox işıq olur və nəticədə onlar daha çox iş görə bilirlər. 1976-cı ildə Avstraliyada 2,7 milyon nəfər vətəndaş arasında aparılan sorğu iştirakçılarının 68 faizi "yay vaxt"ına üstünlük verdiyini açıqlayıb.
Ancaq bəzi mənbələr "yay vaxtı"nın tətbiqinin enerjiyə qənaət etdiyini təsdiqləyirlər. 1975-ci ildə ABŞ-da aparılmış araşdırmalardan belə bir nəticəyə gəlindi ki, "yay vaxtı"na keçid bütün ölkənin elektrik enerjisindən istifadə göstəricisini kiçik, lakin əhəmiyyətli miqdarda, hər gün təxminən bir faiz azaldır. Buna səbəbsə işıqlandırma və məişət texnikasının işlədilməsi üçün daha az elektrik enerjisinin istifadə olunmasıdır.
Türkiyə mütəxəssisləri isə öz ölkələrinin təcrübələrinə əsasən, sabit saat qurşağının tətbiqindən sonra elektrik enerjisi istehlakında cüzi artımın müşahidə olunduğunu deyiblər. Onlar sabit saat tətbiq edildikdən sonra enerji istehlakının israfı barədə iddiaları təkzib ediblər. Rusiya mütəxəsisləri də "yay - qış" vaxtının tətbiqini lazımsız sayıblar. Onlar hələ bir necə il əvvəl verdikləri açıqlamada saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insanın öldüyünü iddia ediblər.
Həkimlər saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyirlər. Lakin bu təsirin bir o qədər də böyük olmadığını söyləyirlər. Onlar hesab edirlər ki, insanlar saatların əqrəbinin çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsalar, bu təsiri minimuma endirə bilərlər.
Mənbə: Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
