Bu gün:

Meteorit toz buludu dinozavrların yox olmasının səbəbi ola bilərmi?


Dinozavrların nəsli 66 milyon il əvvəl nəhəng bir meteorit Yerə düşdüyü zaman deyil, daha sonra meydana gələn toz buluduna görə yox olmuş ola bilər.

Türkiyəli alim Cem Berk Şenelin rəhbərlik etdiyi bir qrup tədqiqatçı 66 milyon il əvvəl dinozavrların yox olmasına səbəb olduğu düşünülən toqquşmanın nəticələrini yenidən araşdırıb. Nəticələri “Nature Geoscience” jurnalında dərc edilən araşdırma, meteoritin Yerə düşməsi nəticəsində əmələ gələn toz buludlarının yaratdığı qlobal soyutma nəticəsində dinozavrların və yer üzündəki həyatın bir hissəsinin yoxa çıxdığını göstərir.

Bir çox dinozavr növlərinin və planetdəki həyatın əhəmiyyətli hissəsinin yox olmasına səbəb olan meteorit Meksikada Çikxulub kraterini əmələ gətirib. Zərbənin nəticələrini yenidən araşdıran tədqiqatçılar 66 milyon il ərzində yaxşı qorunmuş süxur nümunəsini təhlil edib və onun tərkibində olan müxtəlif mineralların miqdarına baxıblar. Onlar qayada gözlənildiyindən daha çox kiçik, incə silikat toz hissəcikləri aşkar ediblər.

Şenel və komandası meteorit zərbəsindən sonra silikat tozları da daxil olmaqla kiçik toz hissəciklərinin buludlar əmələ gətirdiyini və bu buludların günəş işığının yer səthinə çatmasını əngəlləyə, təxminən, iki il bitkilərin fotosintez etməsinə mane ola biləcəyini proqnozlaşdırır. Bitki örtüyünü məhv edən bu vəziyyətin bəzi dinozavrlar da daxil olmaqla bir çox bitki mənşəli növlərin ölümünə və nəticədə böyük bir kütləvi yoxluğun başlanğıcına səbəb ola biləcəyi düşünülür.

Tədqiqat qrupunun modelləşdirməsinə əsasən, toz buludunun atmosferdə, təxminən, 15 il qaldığı və bu müddət ərzində qlobal temperaturun təxminən 15 °C aşağı düşdüyü təxmin edilir.

Şenel meteoritin toqquşması nəticəsində yaranan yox olma prosesini daha yaxşı başa düşmək üçün fotosintez itkisi və qlobal soyutma səbəbləri haqqında daha çox məlumata ehtiyac olduğunu bildirir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et