
Yaxşı təhsil xoşbəxt gələcək deməkdir. Lakin dünya ölkələrinin heç də hamısının təhsil sistemi yüksək səviyyədə deyil. Elə ölkələr var ki, orada təhsil almaq və yaşamaq milyonlarla insanın arzusudur.
Söhbət hansı ölkələrdən gedir?
Təhsil sisteminin mükəmməlliyinə görə ilk 5-likdə yer alan ölkələr aşağıdakılardır:
1. Finlandiya
Ölkədə əsas və ikinci təhsil səviyyəsi pulsuzdur. Ali təhsil pilləsində də yerlərin çoxu ödənişsizdir. Bu, gəlirindən asılı olmayaraq hər kəsə yaxşı təhsil almağa imkan verir. Əsas təhsil pilləsində dərs deyən bütün müəllimlər magistr təhsili alan şəxslərdən seçilir. Bu, o deməkdir ki, məktəblərdə dərslər daha savadlı müəllimlər tərəfindən tədris olunur. Ölkə üzrə müəllimlərin pedaqoji hazırlığı da yüksək qiymətləndirilir.
2. Cənubi Koreya
Ölkə üzrə təhsil kifayət qədər intensivdir. Tələbələr bir çox aspektlər üzrə dərin biliyə malikdirlər. Beynəlxalq imtahanlarda qazanılan uğurlar da inkişafı yeni mərhələyə qaldırır. Hazırda təhsil ixtisaslı kadrların yetişdirilməsi üçün kifayət qədər yaxşıdır. Cənubi Koreya məktəblərində təhsil alanlar asanlıqla iş tapa və beynəlxalq arenada yaxşı karyera qura bilərlər.
3. Niderland
İbtidai və orta məktəbdə təhsil pulsuzdur. Həmçinin ölkədə yaxşı təhsil verən köklü universitetlər mövcuddur. Bu universitetlərdə təhsil alan tələbələr peşəkar kadr kimi hazırlanır. Gənclərin təhsilində biznes sahəsinə böyük üstünlük verilir. Niderlandda peşə təhsilinə xüsusi önəm verilir. Orta məktəbi bitirən məzunların peşə məktəblərinə qəbulu prioritet hesab olunur və onlara ən müasir texnoloji avadanlıqlardan istifadə olunaraq, peşələrin sirləri öyrədilir.
4.Danimarka
Məktəb müəllimləri seçilərkən xüsusi həssaslıq göstərilir. Daha peşəkar və savadlı müəllimlərin məktəblərə cəlb olunması, təhsilin səviyyəsini yüksəldir. Hazırda Danimarkada çalışan müəllimlər keyfiyyətli təhsil üçün tələb olunan keyfiyyətlərə malikdirlər.Liseylərdə verilən ixtisaslı təhsil sayəsində tələbələrin çoxu universitetə getmədən əvvəl hazırlıqlı vəziyyətdə olur. Kurikulumdakı fənlər bir çox sahələri əhatə edir.
5. Böyük Britaniya
Şagirdlərin bilik səviyyəsi ölkə məktəblərində vaxtaşırı keçirilən ümumi qiymətləndirmə imtahanları ilə ölçülür. İmtahanlar nəticəsində təhsilin keyfiyyəti ölçülür, müsbət və mənfi məqamlar üzə çıxır. Bu ölkədə dünyanın ən nüfuzlu və qədim universitetləri fəaliyyət göstərir. Hər il dünyanın müxtəlif yerlərindən yüzlərlə tələbə Britaniyaya təhsil almağa gəlir. Onların bəziləri təhsillərini başa vurduqdan sonra geri qayıtsalar da, əksəriyyəti Britaniyada qalıb, karyera qurmağa üstünlük verir.
Mənbə:studyinternational.com
Tərcümə etdi:Aytac Musayeva
