Bu gün:

IELTS və TOEFL-hər iki imtahan üçün xüsusi keçid balı yoxdur


Bir çox insanlar İngiltərədə, Amerikada və digər ölkələrdə oxumağı arzulayırlar. Amma bunu arzulamaq kifayət etmir, bunun üçün bir neçə addım atmaq lazımdır. İlk addım ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birinin sertifikatını əldə etmək lazımdır.

Bəs, görəsən, bunların fərqi nədir?

Ümumiyyətlə, fərqləri varmı?

Bu mövzuda EducMentor Tədris və İnkişaf mərkəzinin təsisçisi Anzulə Pərvizqızı ilə həmsöhbət olduq.

TOEFL və IELTS ingilis dili səviyyəsini sübut etmək üçün ən çox tanınan imtahanlardan hesab edilirlər. Bu iki imtahanın ingilis dili biliyinizi sübut etmək üçün oxşar məqsədləri olsa da onlar bir çox cəhətlərdən fərqlənirlər. Hər iki imtahan ingilisdilli ölkələrdə təhsil almaq və ya işləmək istəyənlər üçün faydalı olsa da ölkədaxilində də kifayət qədər tələb olunur. TOEFL Amerika, IELTS isə İngiltərə əsaslı imtahandır. TOEFL kompüter əsaslı, IELTS imtahanı həm kağız, həm də kompüter əsaslı aparılır. İmtahanların bal sistemləri də fərqlidir. TOEFL IBT 120 balla qiymətləndirilir. Oxuma, yazma, dinləmə və danışma bölmələrindən ibarətdir. Hər bölmə 30 balla qiymətləndirilir. Ümumi xal sizin ümumi TOEFL IBT balınızı verir.

IELTS oxu, yazma, dinləmə və danışıq bölmələrindən ibarətdir. 9 bal ilə qiymətləndirilir. Hər bölmə 9 bal dəyərindədir və bölmələrin ortalaması ümumi IELTS balını verir. TOEFL-dan fərqli olaraq IELTS 2 hissədə keçirilir. İlk hissədə oxumaq, dinləmək və yazmaq imtahanı olur. 2-ci mərhələdə üzbəüz danışıq imtahanı keçirilir. TOEFL-də yalnız bir mərhələ var. İmtahan tamamilə kompüter vasitəsilə keçirilir. IELTS 2-3 saat, TOEFL imtahanı isə 4 saata qədər davam edir.

Hər iki imtahan nəticəsində verilən sertifikat 2 il müddətində etibarlıdır. İmtahanlar 2 həftədən bir keçirilir. İmtahanların sayı məhdudiyyətsizdir. Hər iki imtahan üçün xüsusi keçid balı yoxdur. Bu, universitetlərin qəbul tələblərinə uyğun olaraq müəyyən edilir.

Lalə Mənəfova



Paylaş
Şərh əlavə et