24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı araşdırmaçı-jurnalist, "Çapar" tarix dərgisinin baş redaktoru Dilqəm Əhməddir. O, tələbələrin tarixi məlumatları əldə etməsi üçün hansı məkanlara üz tutmalı olduqlarından və arxiv məlumatlarının saxlanılma üsulundan danışıb.

-Azərbaycanda tarixi məlumatları əldə etmək üçün tələbələr hansı məkanlara ( yəni kitabxana) üz tutmalıdır və arxiv məlumatları əsasən, harada, necə saxlanılır?
İndiki dövrdə tarixçi olmaq istəyən tələbələr üçün geniş imkanlar var. Tarixçi tarix yazarkən əsas və köməkçi qaynaqlara müraciət edir. Əsas qaynaqlar arxiv materialları, steneoqramlar, qəzetlər və sairdir. Tədqiq edilən dövrə görə dəyişir. Eləcə də tarixçi özündən əvvəl yazılan müəllif kitablarına, memuarlara və sairəyə diqqət etməlidir. Həmçinin qonşu və digər dövlətlərin arxivlərinə müraciət etməlidir. Bakıda Milli Arxiv İdarəsində müvafiq bölmələr var. Orada tarixi şəxsiyyətlərin özəl arxivləri də qorunur. Eləcə də siyasi sənədlər arxivində dövlətçilik tariximizlə bağlı külli miqdarda materiallar var. Dövlət Təhlükəsizlik Xidmətinin və digər qurumların da arxivləri önəmlidir. Əlyazmalar İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin, İstiqlal Muzeyinin fondları da tədqiqatçıların üzünə açıqdır. Bir də evlərdə qorunan şəxsi arxivlər, ev-muzeyi arxivləri də var. Kitabxanalara gəldikdə isə milli kitabxana və AMEA-nın Resurs Mərkəzinin arxivi çox zəngindir. Tələbələr onlayn olaraq Fransa, İngiltərə, Rusiya, ABŞ və Türkiyənin bir çox arxivlərinə giriş əldə edə bilirlər. Bir sözlə, axtaran şəxsin çata biləcəyi olduqca zəngin arxivlər vardır.
24media.az xatırladır ki, Dilqəm Əhməd 2018-ci ildə Yusif İlhamoğlu ilə birlikdə "Çapar" aylıq tarix jurnalını təsis edib. 2018-ci ik dekabrın 24-də çıxan jurnalın ilk sayı Azərbaycan Cümhuriyyəti Parlamentinin yüz illiyinə ithaf edilib. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir. 2023-cü il 11-15 yanvar tarixlərində baş redaktoru olduğu "Çapar" jurnalının təşkilatçılığı ilə Bakıda I Turan Kitab Festivalı keçirilib.
Lumu Zülfüqarova
