24Media.az-ın budəfəki qonağı sahibkar Xanım Mustafayevadır. Müsahibimiz, ilk olaraq, "Novella Kitab Evi"nin yaradılması ideyası haqqında danışıb:
"Novella Kitab Evi 02.02.2018-ci ildə bir neçə gənc sahibkarın fikir və ideyası ilə yaradılıb. Azərbaycanda belə bir sistem olmadığından və əksər gənclərimiz mütaliəni maddi baxımdan əlçatmaz hesab etdiyindən (özümüz də vaxtı ilə bu gənclər sırasında olmuşuq) bu sistemi yaratmağa qərar vermişik".
Daha sonra müsahibimiz ən çox oxunan kirayə kitablardan söz açıb:
"Əslində, oxucularımızda standart bir oxuma tərzi yoxdur. Məsələn: Şəxsi inkişafa yönəlik oxuyan oxucular Robert Kiyosaki - Varlı ata kasıb ata; Napaleon Hill – Düşün və varlan; Robert Qrin – Hakimiyyətin 48 qanunu və s. oxuyurlar. Klassik janrda oxuyanlar Fyodor Dostayevski, Cek London, Lev Tolstoy və s. kimi yazarların kitablarını daha çox oxuyurlar. Bundan başqa, oxucularımız romantik, dedektiv janrda da müxtəlif yazarların kitablarını sevərək oxuyurlar".
Bundan sonra Xanım Mustafayeva "Novella Kitab Evi"nin əsas üstünlüklərindən birinin də ucuz kirayə sisteminin olmasına toxunub:
"Bu sistem ölkəmizdə ilk və tək sistemdir və kirayə prosesi kiraye.novella.az saytı vasitəsi ilə tənzimlənir. Qeydiyyatdan keçən hər bir oxucumuz günlük sadəcə 20 qəpik ödəməklə istədikləri kitabları, istədikləri müddətə götürüb oxuya bilirlər.
Hazırda bazada müxtəlif dildə, müxtəlif janrda 2528 adda 3214 kitab var. Yaşından asılı olmayaraq, hər bir vətəndaş "Novella Kitab Evi"nin kitabxana bölməsindən yararlanaraq mütaliə edə bilirlər".
Sahibkar "Kirayə verdikləri kitablarda oğurluq halları ilə qarşılaşırsınızmı? Belə hal yaşandıqda hansı tədbirlər görülür?" sualımıza belə aydınlıq gətirib:
"Belə deyim, hər işin aşkarda olan xeyirli, gəlirli tərəfləri olduğu kimi, əfsuslar olsun ki, görünməyən, daha doğrusu, insanlar tərəfindən gözardı edilən zərərli tərəfləri də var. Ona görə də kirayə kitab verən zaman, əlbəttə ki, kitab istismarı ilə qarşılaşırıq. Çox təəssüf hissi ilə deyə bilərəm ki, kitablara qarşı olan bu laqeydlik insana və insanlığa xas xüsusiyyət deyil. Kitablarımızı istismar edən oxuculara yenidən kitab oxuma şansı vermirik".
Sonda isə gənc sahibkar kitab evinin gələcək planları haqqında danışıb:
"Hazırda fəaliyyətimiz bundan ibarətdir. Mağazadaxili endirimlər, kampaniyalar mövcuddur. Ancaq bunu da nəzərinizə çatdırım ki, gələcək üçün hamının sevəcəyi, xüsusilə, gənclərin bəyənəcəyi faydalı və gəlirli bir proyektlə qarşınızda olacağıq".
Lalə Mənəfova