Bu gün:

Laboratoriyada yetişdirilən aksolotllar təbii mühitdə sağ qala bilib


Meksikalı alimlər laboratoriyada yetişdirilən 18 aksolotlu təbii mühitə buraxaraq onların yeni şəraitə uyğunlaşmasını araşdırıblar. Altı həftə davam edən müşahidələr nəticəsində bütün aksolotlların sağ qaldığı və müstəqil şəkildə qida tapa bildiyi müəyyən edilib.

Foto: ArnPas/Shutterstock/Fotodom

24media.az Moya Planeta-ya istinadən xəbər verir ki, aksolotl Meksikada yaşayan, salamandralar qrupuna aid suda-quruda yaşayan canlıdır. Onu digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri yetkinlik dövründə də sürfə xüsusiyyətlərini, o cümlədən başının yan tərəflərində yerləşən xarici qəlsəmələrini qoruyub saxlamasıdır. Bu canlılar bütün həyatlarını suda keçirirlər.

Tədqiqat zamanı bəzi aksolotlların çəkisinin artdığı və yeni mühitdə müstəqil şəkildə qida tapa bildikləri müşahidə olunub. Bununla yanaşı, iki aksolotlun yırtıcı quşların ovuna çevrildiyi də qeydə alınıb.

Aksolotlların təbii yaşayış arealı Mexiko şəhərinin cənubunda yerləşən Soçimilko gölünün kanalları ilə məhdudlaşır. Yaşayış mühitinin çirklənməsi və invaziv növlərin yaratdığı təhlükələr səbəbindən bu canlılar nəsli kəsilmək təhlükəsi ilə üzləşiblər.

Alimlər əldə olunan nəticələri növün qorunması istiqamətində ümidverici hesab edirlər. Gələcəkdə laboratoriyada yetişdirilən aksolotlların təbiətə qaytarılması və onların təbii yaşayış mühitinin bərpası istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır.


Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et