Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri Şəbəkəsi ilə birlikdə növbəti bilik müsabiqəsini təşkil edib. Bu ilki yarışda iştirak üçün 130-dan çox komanda və ümumilikdə 520-dən artıq gənc müraciət edib.
24media.az bildirir ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən seçilən məktəbliləri və tələbələri bir araya gətirərək onlara Avropa, onun dəyərləri və mədəni müxtəlifliyi haqqında biliklərini genişləndirmək imkanı yaradıb.
Açılışda çıxış edən Aİ səfiri Mariyana Kuyundziç gənclərin cəmiyyətlər arasında əlaqələrin qurulmasında əsas rol oynadığını bildirib və bu təşəbbüslərin qarşılıqlı anlaşma, bilik və təcrübə mübadiləsini gücləndirdiyini vurğulayıb.
Final mərhələsində 18 komanda mübarizə aparıb, seçimlərdən sonra isə dörd komanda qalib adını qazanıb. Qaliblərə mükafatlar, bütün final iştirakçılarına isə sertifikatlar təqdim olunub. Mərasimdə Aİ dövlətlərinin səfirləri və diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Aytac Musayeva
