Bu gün:

Şanlıurfada dilənçilik və küçələrdən metal toplamaq qadağan edilib


Türkiyənin Şanlıurfa vilayətində ictimai asayişin və təhlükəsizliyin qorunması məqsədilə dilənçilik və qanunsuz müştəri cəlbetmə fəaliyyətləri qadağan olunub.


Bu barədə "Haber Global" paylaşım edib. Valiliyin yaydığı ümumi əmrə əsasən, küçə və prospektlərdə, park və meydanlarda, tarixi-mədəni məkanlarda, ibadət yerlərində, bankomatlar ətrafında, yolayrıcılarında və digər ictimai açıq ərazilərdə dilənməyə icazə verilməyəcək.

Eyni zamanda, vətəndaşları narahat edərək avtomobil şüşəsi silmək, dəsmal, çiçək və oxşar məhsullar satmaq, eləcə də ictimai nəqliyyatda, qəbiristanlıqlarda və əyləncə məkanlarında bu cür fəaliyyətlər qadağan edilib.

Uşaqların küçələrdə və zibilliklərdə təkrar emal materialları toplama işlərinə cəlb olunması da yasaqlanıb. Bundan əlavə, iş yerlərinin qarşısında piyadaların hərəkətinə mane olan təkidli və səs-küylü müştəri cəlbetmə üsullarına icazə verilməyəcək.

Qadağanı pozanlar cərimələnəcək, nəzarət isə polis, jandarm və bələdiyyə zabitləri tərəfindən həyata keçiriləcək.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et