Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının paytaxtı Sıktıvkarda yerləşən təlim mərkəzində səs bombasının partlaması nəticəsində 9 nəfər yaralanıb.

Komi Respublikası Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, hadisə nazirliyin təlim mərkəzində baş verib. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu qeyd olunub. Bütün yaralılara zəruri tibbi yardım göstərilir.
Açıqlamada partlayışdan sonra binada güclü tüstünün yayıldığı, təhlükəsizlik məqsədilə 200 nəfərin təxliyə edildiyi bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi səs bombasının partlaması nəticəsində 340 kvadratmetr sahəni əhatə edən yanğının baş verdiyini açıqlayıb.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlandığını bildirib.
https://share.google/k6Drq1gaRuBOcxyhA
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
