ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazlara qarşı zorakılığın dayandığı barədə məlumat aldığını açıqlayıb. O, buna baxmayaraq, İran hakimiyyətinin etirazçılara qarşı sərt addımlarını davam etdirəcəyi halda hərbi variantı istisna etməyib.

Bu açıqlamadan sonra ABŞ və Böyük Britaniya Qətərdəki Əl-Üdeyd aviabazasından bəzi hərbi personalını çıxarıb. Rəsmilərin bildirdiyinə görə, bu addım ehtiyat tədbiri xarakteri daşıyıb. Eyni zamanda İranın hava məkanı bir neçə saatlıq bağlanıb və bir sıra aviaşirkətlər uçuş marşrutlarını dəyişib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyini müvəqqəti bağladığını və fəaliyyətini uzaqdan davam etdirəcəyini açıqlayıb. Tramp daha əvvəl etirazçılar arasında saxlanılan 26 yaşlı Erfan Sultanın edam olunacağı barədə xəbərlərə sərt reaksiya verib. Sonradan edamın təxirə salındığı bildirilsə də, İran tərəfi ölüm hökmünü inkar edib.
İranın xarici işlər naziri Abbas Araqçi edamların planlaşdırılmadığını və ABŞ-ni hərbi addımlardan çəkinməyə çağırıb. Fonunda isə İtaliya, Polşa və Almaniya öz vətəndaşlarına İrandan çıxmaq və ya hava məkanından istifadə etməmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, etirazlar ilkin olaraq İran valyutasının kəskin ucuzlaşması ilə başlasa da, qısa müddətdə hakimiyyətə qarşı genişmiqyaslı etirazlara çevrilib. İnternetin kəsilməsi və ölkəyə girişin məhdudlaşdırılması səbəbindən baş verənlərlə bağlı dəqiq məlumat almaq çətinləşib.
İnsan haqları təşkilatlarının məlumatına görə, son günlərdə baş verən hadisələr zamanı 2 400-dən çox insan həlak olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
