Qəzza hökuməti 2023-cü ilin oktyabr ayından bu yana şiddətli soyuq hava şəraiti səbəbindən 21-i uşaq olmaqla, 24 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Qəzza hökumətinin Media Ofisinin yaydığı yazılı bəyanatda bildirilib ki, bölgəyə təsir edən aşağı təzyiq sistemi və soyuq dalğası humanitar fəlakəti daha da dərinləşdirib. Qeyd olunub ki, qış mövsümünün əvvəlindən indiyədək donma temperaturu səbəbindən 7 uşaq həyatını itirib.
Açıqlamada vurğulanıb ki, hücumların başladığı dövrdən bəri Qəzzada şiddətli soyuq nəticəsində ölənlərin ümumi sayı 21-i uşaq olmaqla, 24 nəfərə çatıb.
Bundan əlavə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində 5 fələstinlinin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib.
Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra İsrail hücumları nəticəsində 447 nəfər ölüb, 1246 nəfər yaralanıb.
İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlar zamanı ölənlərin sayı 71.424-ə, yaralananların sayı isə 171.324-ə çatıb.
https://share.google/RCP1deRr1p5GnHVSW
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
