Suriya Demokratik Qüvvələrinin Baş Komandanı Mazlum Abdi Hələbin Əşrəfiyə və Şeyx Məqsud məhəllələrindən mülki şəxslərin və döyüşçülərin təxliyəsi üçün beynəlxalq vasitəçilər vasitəsilə atəşkəs razılaşmasına gəldiklərini açıqlayıb.

Suriya Hələb şəhərində Şam hökumətinə bağlı ordu ilə kürd silahlı qüvvələri arasında gərginlik 6 yanvardan bəri davam edib. Döyüşlər əsasən kürdlərin üstünlük təşkil etdiyi Əşrəfiyə və Şeyx Məqsud məhəllələrində cəmlənib. Mazlum Abdi sosial şəbəkələrdə verdiyi açıqlamada bildirib ki, beynəlxalq tərəflərin vasitəçiliyi ilə atəşkəs təmin edilib və Əşrəfiyə və Şeyx Məqsud məhəllələrində qalan mülki şəxslərin və döyüşçülərin Suriyanın şimal və şərqinə təxliyəsinin təmin olunması ilə bağlı razılıq əldə olunub.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
