İsrailin Qəzza zolağını blokada altında saxlaması və humanitar yardımın bölgəyə girişinin məhdudlaşdırılması fonunda qış şəraitinin ağırlaşdığı Qəzzada ölənlərin sayı artır. Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində yeddi günlük körpə şiddətli soyuq səbəbindən həyatını itirib.

Fələstin rəsmi xəbər agentliyinin məlumatına görə, körpənin ölümü bölgədə davam edən soyuq hava dalğası ilə birbaşa əlaqəlidir. Tibbi mənbələr bildiriblər ki, son günlərdə şiddətli soyuq səbəbindən həyatını itirənlərin sayı 15-i keçib. Ölənlərin böyük əksəriyyəti körpələr və azyaşlı uşaqlardır.
Rəsmilər qeyd ediblər ki, İsrailin Qəzzaya tətbiq etdiyi sərt blokada və humanitar yardımın qarşısının alınması əhalinin əsas ehtiyaclara çıxışını demək olar ki, mümkünsüz edir. Yanacaq çatışmazlığı səbəbindən isitmənin təmin olunmadığı bölgədə sığınacaq və səhiyyə xidmətlərində ciddi problemlər yaşanır.
Qaçqın vəziyyətində olan fələstinlilərin əksəriyyətinin soyuqdan qorunmayan, qeyri-kafi çadırlarda yaşadığı bildirilir. Son günlərdə təsirli olan güclü yağış və fırtınalar bu çadırları yararsız hala salıb və xüsusilə körpələr, uşaqlar və xəstələr üçün həyati təhlükə yaradıb.
Atəşkəsin qüvvədə olmasına baxmayaraq, Qəzzada humanitar böhran dərinləşməkdə davam edir. İsrailin yardımın bölgəyə girişini məhdudlaşdırması səbəbindən yüz minlərlə insan hələ də müvəqqəti çadırlarda yaşamaq məcburiyyətindədir.
Qeyd edək ki, atəşkəs razılaşması 10 oktyabrda qüvvəyə minməsinə baxmayaraq, Qəzzadakı humanitar vəziyyətdə nəzərəçarpacaq yaxşılaşma müşahidə olunmur. Rəsmilərin bildirdiyinə görə, qida, dərman, tibbi ləvazimatlar, yanacaq və sığınacaq avadanlıqlarının girişinin məhdudlaşdırılması bölgədə daimi böhrana səbəb olur.
https://share.google/P6lD12Iu7bie0rEra
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
