Bu gün:

Venesuelada siyasi məhbuslar azad edilir


Venesuela hökuməti insan haqları təşkilatlarının “siyasi məhbus” adlandırdığı şəxslərin bir qismini azad etməyə başlayıb. Rəsmi şəxslər bu addımı xoş niyyət jesti və milli barışa töhfə kimi təqdim ediblər. Qərar beynəlxalq ictimaiyyətin və xüsusilə ABŞ-nin uzunmüddətli tələbləri fonunda verilib.

İspaniya Xarici İşlər Nazirliyi azad edilənlər arasında beş İspaniya vətəndaşının olduğunu təsdiqləyib və tanınmış hüquq müdafiəçisi Rosío San Migelin sərbəst buraxıldığını bildirib. Parlament sədri Xorxe Rodriges “əhəmiyyətli sayda” məhbusun dərhal azad ediləcəyini desə də, dəqiq rəqəmlər açıqlanmayıb. Hüquq müdafiəçiləri bu addımı ehtiyatla alqışlayıb, çünki ölkədə hələ də yüzlərlə siyasi məhbusun saxlanıldığı bildirilib. Azadlıqlar Venesuelada siyasi gərginliyin azalması üçün müsbət siqnal kimi qiymətləndirilib. Bununla belə  insan haqları qrupları digər həbsxanalardakı vəziyyətin diqqətdən kənarda qalmamasını tələb ediblər. Davamlı və şəffaf islahatlar olmadan bu addımların uzunmüddətli təsiri məhdud qala bilər.

Mənbə: BBC NEWS                                                                     

Tərcümə etdi: Fidan Mənsimova






Paylaş
Şərh əlavə et