Bu gün:

Astronomlar kosmosda yeni sirli obyekt kəşf ediblər


Astronomlar Hubble Kosmik Teleskopu vasitəsilə kosmosda indiyədək yalnız nəzəri olaraq mövcud olduğu düşünülən tamamilə yeni tip kosmik obyekt aşkar ediblər. Kəşf NASA və Avropa Kosmik Agentliyinin (ESA) alimləri tərəfindən təsdiqlənib.

“Cloud-9” adlandırılan bu obyekt ulduz yaratmayan, lakin böyük miqdarda hidrogen qazı və qaranlıq maddə ehtiva edən nadir kosmik strukturdur. Alimlər onu “uğursuz qalaktika” kimi qiymətləndirirlər, çünki qalaktika formalaşması üçün lazımi maddəyə malik olsa da, ulduz əmələ gətirməyib.

Mütəxəssislərin bildirdiyinə görə, obyekt Yer kürəsindən təxminən 14 milyon işıq ili uzaqlıqda yerləşir. Bu kəşf qalaktikaların formalaşması, eləcə də qaranlıq maddənin kainatdakı rolu barədə mövcud elmi təsəvvürlərin daha dərindən öyrənilməsinə imkan yaradır.

Alimlər hesab edirlər ki, bu cür obyektlərin gələcəkdə daha çox aşkar edilməsi kainatın erkən mərhələlərinin öyrənilməsində mühüm rol oynayacaq.

Mənbə: ESA/Hubble

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et