Bu gün:

Berlin meri istefa təzyiqinə məruz qalıb


Berlin meri Kay Veqner şəhərdəki genişmiqyaslı elektrik kəsintisi zamanı tennis oynadığı və bunu ictimaiyyətdən gizlətdiyi üzə çıxandan sonra istefa çağırışları ilə üzləşib.

Berlin meri Kay Veqner şəhərin böyük bir hissəsini əhatə edən və qəsdən törədilmiş yanğın hücumu nəticəsində baş verən ağır elektrik kəsintisindən bir neçə saat sonra tennis oynamağı seçdiyi və sonradan ictimaiyyəti bu barədə yanıltdığı məlum olduqdan sonra istefa çağırışları ilə qarşılaşıb.


Almaniyanın paytaxtının cənub-qərb rayonlarında İkinci Dünya müharibəsindən bəri ən uzunmüddətli elektrik kəsintisindən sonra vəziyyət tədricən normallaşmağa başlayıb. Veqner isə kəsinti başlayanda öz hərəkətləri barədə ictimaiyyətə tam doğru məlumat vermədiyini etiraf edib.


Şənbə günü baş verən hücuma görə solçu radikal qruplar məsuliyyəti öz üzərinə götürüb, hücum nəticəsində təxminən 45 min ev təsərrüfatı və 2 mindən çox müəssisə işıqsız qalıb, bu hadisə Almaniyanın sabotajlara hazırlıq səviyyəsi ilə bağlı narahatedici suallar yaradıb.


Veqner ictimai yayımçı RBB-nin xəbərini təsdiqləyərək bildirib ki, həmin gün saat 13:00–14:00 aralığında partnyoru, Berlinin təhsil naziri Katarina Günter-Vünş ilə birlikdə tennis kortunda olub.


Almaniya kansleri Fridrix Mertsin mənsub olduğu Mühafizəkar Xristian Demokrat İttifaqı partiyasından olan Veqner bazar günü jurnalistlərə elektrik kəsintisinin təsirlərini azaltmaq və enerjinin bərpasını sürətləndirmək üçün fasiləsiz işlədiyini deyib.


“O gün nə dincəlirdim, nə də vaxt öldürürdüm, bütün günü telefonla danışır, mümkün qədər çox məlumat toplamağa və koordinasiya etməyə çalışırdım”, – deyə bildirib, həmçinin “sözün əsl mənasında evdəki ofisimə qapanmışdım” deyib.


Çərşənbə günü gec saatlarda isə ifadələrinin düzgün olmadığını etiraf edib:“Geriyə baxanda bazar günü şənbə günü nə etdiyimi deməli idim”, – deyə bildirib. “Bəli, bir anda dedim ki, ‘qısa fasiləyə ehtiyacım var, başımı dincəltməliyəm’. Mənim üçün bunun ən yaxşı yolu isə idmandır”,- deyib.


Regional seçkilərə səkkiz ay qalan vaxt Veqnerin yenidən namizəd olmasının gözlənildiyi bir vaxtda getdikcə artan səslər onun vəzifədə qalmaq üçün siyasi nüfuzunu itirdiyini bildirərək istefa verməli olduğunu deyib.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov


Paylaş
Şərh əlavə et