Afrikada təxminən 9 500 il əvvələ aid kremasiya ocağı tapılıb. Bu tapıntı qədim ovçu-toplayıcı icmaların dəfn mərasimlərinin düşündüyümüzdən daha mürəkkəb olduğunu göstərir. Ocaq Malavinin şimalında, Hora dağının ətəyində yerləşən qaya sığınacağında aşkarlanıb və Afrikada bilinən ən qədim məqsədli kremasiya nümunəsi sayılır.

Qazıntılar zamanı 170 insan sümük parçası tapılıb. Sümüklərin yetkin bir qadına aid olduğu müəyyənləşdirilib. Qadının kəllə sümüyü tapılmayıb. Bəzi sümüklərin bədəndən ayrıldığı və yandırılmadan əvvəl ətin çıxarıldığı məlum olub. Alimlər bunun zorakılıqla bağlı olmadığını, dəfn mərasiminin bir hissəsi kimi edildiyini bildirib.
Qaya sığınacağının təxminən 16 000-dən 8 000 il əvvələ qədər dəfn yeri kimi istifadə olunduğu müəyyənləşdirilib. Burada həm tam skeletlər, həm də az sayda sümük qalıqları tapılıb. Bu hal bəzi sümüklərin bilərəkdən götürülüb başqa yerlərdə saxlanıldığını göstərib.
Ocağın içində daş alətlər də tapılıb. Alimlər bunu dəfn mərasimi ilə əlaqələndirib. Ocağın böyük ölçüdə olması və sümüklərin iki yerdə tapılması onun qurulması zamanı ciddi bilik və əmək sərf olunduğunu göstərib.
Araşdırmaçılar bildirib ki, bu tapıntı qədim ovçu-toplayıcıların sosial quruluşunun və inanclarının çox inkişaf etmiş olduğunu sübut edir.
Mənbə: The Guardian
Tərcümə etdi: Aydan Xudayarova
